Dərsliklərə salınası Əsgər – Famil Cəfərlinin yazısı

   Dərsliklərə salınası Əsgər –    Famil Cəfərlinin yazısı
  08 Noyabr 2021    Oxunub:697
Azərbaycanın Vətən Müharibəsindəki möhtəşəm qələbəsindən ötən bu bir ildə 44 günlük savaşın dünyanın əksər ölkələri tərəfindən öyrənilməyə başlanması haqda çox oxumuş, çox eşitmişik. Bu müharibənin ayrı-ayrı ölkələrin milli müdafiə qurumları və hərbi ekspertlər tərəfindən təhlil edilməsi, hərb dərsliklərinə salınması (və ya salınacağı) haqda da çox oxumuş, çox da eşitmişik.
Azərbaycan ordusunun cəbbəxanasındakı yeni silahların, tətbiq etdiyi yeni döyüş taktikalarının öyrənilməkdə olması barədə də çox yazılıb və deyilib. Dronlar, “5-ci nəsil” silahlar, bir çox ənənəvi silahların və hərbi texnikanın daha o qədər də işə yaramaması barədə söylənən fikirlərlə də tanışıq.

Bir sözlə, Azərbaycanın 44 günlük müharibəsi dünya üçün öyrənilməyə layiq təcrübə, əsl yenilik oldu. Ekspertlər bu savaş haqda “XXI əsrin müharibəsidir, onu yaxşı öyrənməliyik” deyib, öydü. Haqqına da öydü... Öyənlərin, öyrənənlərin və öyrənmək istəyənlərin çox uzun və sanballı bir siyahısı var, təkrar yazıb vaxt almağa dəyməz. İnternet var, bircə düyməni sıxmaq bəs edir, kim istəsə tapa bilər.

Yeni silahlar və yeni savaş fəlsəfəsi barədə isə yaxşısı budur bu sahənin biliciləri danışsın – mən mütəxəssis deyiləm. Mən bu müharibənin dərsliklərə salınmalı olan tamam başqa tərəfindən söz açmaq istərdim – Azərbaycan əsgərindən, onun hətta özümüzü də mat qoyan sarsılmaz döyüş ruhundan. Axı istənilən ordu əsgərdən başlayır.

Son bir ildə müharibə haqda minlərlə xəbər, rəy, müsahibə, açıqlama oxumuşuq, verilişlər, süjetlər izləmişik. Şəxsən mən bu oxuyub-eşitdiklərimdən bu qənaətə gəlmişəm: savaşı dronlardan, PUA-lardan da qabaq əsgərimizin döyüş ruhu uddu! O qədər nümunə var ki...

Ermənilər öz əsgərlərini tanka, maşına zəncirləyirdilər ki, dönüb geri qaçmasınlar. Azərbaycan əsgəri isə minanın parçaladığı bədəninin hansısa hissəsini özü götürüb kənara atırdı ki, irəli getməsinə mane olmasın, qabağa qaçsın... Qeyri-adi, hətta nağıl kimi gəldi? İnanmadınız? Nə gizlədim, bunu kim desəydi, mən də inanmazdım. Amma şişirtmə-filan deyil. XTQ döyüşçüsünün İTV-yə müsahibəsində öz dilindən eşitmişəm...

Başqa bir XTQ döyüşçüsü də savaş səhnəsini və döyüş yoldaşının yaralanması anını təsvir edəndə dedi ki, bir də gördüm, döyüş yoldaşım (soyadını çəkmişdi, mən unutmuşam) qəlpənin dirsəkdən aşağı qopardığı sol qolunu cibinə qoyub, sağ əli ilə ata-ata düşmənin üzərinə şığıyır... Etiraf edirəm ki, bu səhnəni təsəvvür etmək belə çətindir. Amma bunu da XTQ döyüşçüsündən eşitmişəm.

“Vururduq, yıxılırdılar, yaralarını sarıyıb beş dəqiqədən sonra yenidən üstümüzə gəlirdilər”. Erməni döyüşçüsünün müharibə bitəndən az sonra Fransa mətbuatına Şuşa savaşı haqda dediyi bu sözlər yadınızda olar.

Şəhidlərimizin döyüş yolu ilə tanış olduqca sözün yaxşı mənasında heyrətə gəlirsən. Bilirsinizmi, niyə? Onların xeylisi təxliyə və müalicədən imtina edib yaralı-yaralı sona qədər döyüşənlərdir. Xeylisi! Hospitalların pəncərəsindən gizlicə atılıb cəbhəyə, döyüş meydanlarına qayıdan yaralı döyüşçülərimizin sayı haqda məlumatınız varmı? Həkimlərin israrına baxmayaraq müalicəsini yarımçıq qoyub cəbhəyə qayıdanların sayı barədə necə? “Ginnesin rekordlar kitabı”na düşəsi faktlardır...

Bir kəlmə də bu əsgəri yetişdirən cəmiyyət haqda. 44 günlük savaş zamanı Ermənistanda 10 mindən çox hərbçi və çağırışçı rəsmən fərari elan edildi, elə o qədər də cinayət işi açıldı. Azərbaycanda isə on minlərlə gənc hərbi çağırış və səfərbərlik idarələrinin qapı-pəncərəsini sındırırdı ki, bizi ordu sıralarına yazın, cəbhəyə göndərin... Bu müharibə tarixdə bəlkə də yeganə savaşdır ki, döyüşən ölkələrin birində (oxu: Azərbaycanda!) heç bir fərari olmadı! Bircəciyi də!

44 günlük savaş dərsliklərə salınıb və salınacaq. Füzuli əməliyyatı, Cəbrayıl əməliyyatı, Hadrut əməliyyatı. Xocavənd əməliyyatı, Şuşa əməliyyatı... Bunların hər biri bir paraqrafdır, bir mövzudur, bir dərsdir. Azərbaycan əsgəri isə tamam ayrı bir dərsin mövzusudur.

Bu savaş “5-ci nəsil” müharibəsi idi. Bu müharibədə ruh və ürək silahdan öndə idi. Müharibələrdə nadir hallarda belə şeylər olur. Hər müharibədə belə olmur. Amma bizdə belə idi...

Famil Cəfərli


Teqlər: Zəfər-Günü   Azərbaycan-Əsgəri  





Xəbər lenti