"Şuşa əməliyyatı Azərbaycanın qələbəsinin tacıdır" - Korotçenko (Eksklüziv)

"Şuşa əməliyyatı Azərbaycanın qələbəsinin tacıdır"  - Korotçenko (Eksklüziv)
  08 Noyabr 2021    Oxunub:2332
“Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi 2020-ci ilin əsas hərbi-siyasi hadisəsi olmaqla yanaşı, beynəlxalaq hüququn təntənəsini və ərazi bütövlüyünün təminatını, həmçinin işğal etdikləri ərazilərdən erməni qəsbkarlarının çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycanın icra etdiyini göstərdi”. Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko AzVision.az saytına açıqlamasında belə deyib.
Korotçenko bu qətnamələrin 20 ildən artıq bir müddətdə icra edilmədiyini və Azərbaycanın onları silah gücünə yerinə yetirdiyini deyib. Bu müharibə Azərbaycan tərəfindən ədalətli müharibə idi. Çünki Azərbaycan işğal olunmuş ərazilərini azad edirdi.

Hərbi ekspert ən yeni hərbi texnikanın istifadəsi nöqteyi-nəzərindən müharibənin presedentsiz xarakter daşıdığına xüsusi diqqət yetirib.
- Söhbət ilk növbədə PUA-ların istifadə olunmasından gedir. Bu, mütləq şəkildə erməni tərəfin xeyrinə sayılan hərbi əməliyyatlar səhnəsində Azərbaycan ordusunun əhəmiyyətli taktiki fəndlər işlətməsinə imkan verdi. Azərbaycanlılar dağlara hücum etməli olduqlarına görə, düşmən əhəmiyyətli üstünlüyə malik idi. Amma yeni taktiki fəndlər, hərbi əməliyyatların yeni formatı, əməliyyatların qeyri-ənənəvi yeni üsullarla aparılması, o cümlədən də bu və ya digər əməliyyatların həyata keçirilməsində vacib və məsuliyyətli vəzifələri həll edən xüsusi təyinatlı qüvvələrin aktiv şəkildə istifadəsi sayəsində Azərbaycan qələbə qazanmağı bacardı.

Korotçenkonun sözlərinə görə, Azərbaycanın hərbi-iqtisadi potensialı, hakimiyyətin, siyasi sistemin effektliyi nöqteyi-nəzərindən Ermənistan üzərində həlledici üstünülüyə malik olduğunu ayrıca demək lazımdır. "Azərbaycan ordusunun başında bu gün dünyanın aparıcı liderlərinin sırasına daxil olan Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır", - İqor Korotçenko vurğulayıb.

Rusiyalı hərbi ekspert Yaxın Şərqdən olan yaraqlılardan da istifadə edən Ermənistanın 20 ildən artıq bir müddətdə dərin eşelonlaşdırılmış müdafiə qurduğunu və erməni bölmələrinin manevr edə, silahlı hücumlar zamanı oturub gözləyə biləcəyi "tülkü yuvası" adlandırılan bu müdafiə sistemində yeniliklərdən istifadə olunduğunu bildirib. Azərbaycan ordusu məhz belə sərt müdafiə sistemini sındırmaqla öz peşəkarlığını nümayiş etdirib.

- Müdafiə sistemi çox ciddi idi. 20 ildən artıq müddət ərzində nəhəng ərazilər minalanıb, ola bilsin ki, bir neçə yüz min va yaxud da ki, bir neçə milyon piyada və tank əleyhinə minalar basdırılıb. Bunlar isə erməni müdafiə sistemini təşkil edirdi. Məhz bu şəraitdə azərbaycan əsgəri cəsarət, yüksək döyüş hazırlığı və yüksək mənəvi keyfiyyətlər göstərərək qalib gəldi. Bir daha vurğulamaq istəyirəm ki, bu məsələdə hər gün operativ müşavirələr keçirən, döyüş vəzifələri qoyan, onların yerinə yetirilməsinə nəzarət edən, əsas tapşırıqları verən və ordunu qələbənin qazanılmasına şəxsən yönəldən İlham Əliyev əhəmiyyətli rol oynayıb. Bu mənada onun müstəsna rolu var. Onun Azərbaycanın güclü iqtisadiyyata, müdafiəyə və ən yeni silahların alınması üçün kifayət qədər resurslara malik olması üçün son onilliklərdə göstərdiyi səyləri də belə rola malikdir”, - rusiyalı politoloq bildirib.

O, Azərbaycanın Silahlı Qüvvələrinin hərbi idarəetmə sisteminin taktiki qrup batalyonlarına qədər cəbhənin bütün sahələrində bütün hissələrə nəzarət etməyə, keçirilən əməliyyatlar və hissələrin irəliyə hərəkətləri barədə real onlayn informasiyaya malik olmağa imkan verdiyini də vurğulayıb. Bu kontekstdə, o, Şuşa şəhərinin azad olunmasında Xüsusi Təyinatlı Qüvvələrin apardığı əməliyyatı Azərbaycanın hərbi qələbəsinin tacı kimi dəyərləndirib.

- Doğrudan da, ən yeni hərb tarixində misilsiz olan bu əməliyyat hələ uzun illər düyanın aparıcı dövlətlərində, aparıcı hərbi akademiyalarında öyrəniləcək. Çünki əməliyyatın məqsədi, reallaşdırılması, düşmənin dezinformasiya edilməsi – bütün bunlar qalib gəlməyə və İkinci Qarabağ müharibəsində qələbə nöqtsəini qoymağa imkan verdi. Bundan sonra faktiki olaraq Azərbaycanın parlaq hərbi və siyasi qələbəsini təsdiqləyən üçtərəfli Bəyannaməni qəbul edərək Ermənistan təslim oldu. Azərbaycan həm də informasiya meydançasında qələbə qazandı. İlk növbədə prezident İlham Əliyevin aparıcı KİV-lərə verdiyi onlarla müsahibəsi sayəsində. Həmin müsahibələrdə İlham Əliyev dəqiqliklə, dəmir məntiqlə, qətiyyətlə və beynəlxalq hüquq normalarına istinadən müharibənin ədalətli xarakterini, bu müharibəni bütün zəruri olan humanitar konvensiyalara riayət edərək aparan Azərbaycanın yalnız hərbi obyektlərə zərbə endirdiyini və mülki obyektləri hədəfə almadığını vurğulayan arqumentlər gətirirdi. Çoxlarının, hamının bu cür parlaq qələbə gözləmədiyi bir halda bu hərbi qələbə 2020-ci ildə beynəlxalq siyasət və diplomatiya sahəsində əsas hadisə oldu. Biz müxtəlif dünya liderlərinin Bakıya zənglərini, onların Azərbaycan ordusunun hücumunu dayandırmağa cəhd göstərdiklərini, təhdidlərini, bəzilərinin qorxutmalarını, hədə-qorxularını xatırlayırıq. Amma heç nə alınmadı. Mən Azərbaycan xalqını qələbə münasibətilə təbrik etmək istəyirəm. Çünki bu qələbə ədalət və azadlıq müharibəsində qazanılıb, - İqor Korotçenko xalqımıza öz təbrikini ünvünlüyıb.

Balifə Baxşıyeva
Sahil İsgəndərov

AzVision.az



Teqlər: Korotçenko   Qələbə  





Xəbər lenti