"Sərhədlərin delimitasiyasına başlamaq lazımdır" - Rusiya XİN

 "Sərhədlərin delimitasiyasına başlamaq lazımdır" -  Rusiya XİN
  09 Noyabr 2021    Oxunub:1424
"Rusiya öz tərəfdaşları ilə birlikdə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Qarabağa dair üçtərəfli razılaşmanın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında deyilir.

“Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik”, - bəyanatda vurğulanıb.

Bildirilir ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verəcək təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcək: "Biz, həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq. Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq".

AzVision.az




Teqlər: Rusiya-XİN   Qarabağ  





Xəbər lenti