"Dəmir yumruq"la imzalanan Bəyannamə

// Ermənistanın Kapitulyasiya Aktını imzalamasından bir il keçir

 "Dəmir yumruq"la imzalanan Bəyannamə
  10 Noyabr 2021    Oxunub:2521
Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Böyük Qələbəni rəsmən təsbit edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamənin ildönümüdür. Həmin gün Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin bu sənədi imzalamaqdan başqa çıxış yolunun olmadığını bildirdi. Çünki əks təqdirdə heç bir müqavimət və kənardan təzyiq cəhdləri Azərbaycan Ordusunun hücumlarını dayandıra bilməyəcəkdi.
Bəs bu əminliyi hansı reallıqlar şərtləndirirdi?

1. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti illərində Ordu quruculuğu istiqamətində həyata keçirilən strateji siyasət kontekstində Silahlı Qüvvələrimiz modernləşdirildi, ən müasir silahlarla təchiz olundu və şəxsi heyətin peşəkarlığı səviyyəsi yüksəldildi. Məhz bunun nəticəsində dünyanın ən qüdrətli 50 ordusu sıralarında yer alan Azərbaycan Ordusu düşmənin son 25 ildə işğal altındakı ərazilərdə yaratdığı eşelonlaşdırılmış dərin müdafiə xəttini yararaq, onu strateji yüksəklikləri qoyub qaçmağa və mövqelərindən geri çəkilməyə vadar etdi.

2. Ermənistanın silahlı qüvvələrinə döyüş meydanlarında heç bir şans verməyən Azərbaycan Ordusu noyabrın 9-dək 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Şəxsi heyət arasında itkilərin sayını ört-basdır etməyə çalışan rəsmi İrəvan bu rəqəmin təxminən 1500 nəfər olduğunu bildirirdi. Halbuki, müstəqil ekspertlər reallıqda 7-8 min erməni hərbçisinin məhv edildiyini vurğulayırdılar. Müharibədən ötən bir il ərizndə hələ indiyədək də tapılıb erməni tərəfinə təhvil verilən cəsədlərin sayı da müstəqil ekspertlərin fikirlərini təsdiqləyir. Sözsüz ki, belə itkilər Ermənistanın onsuz da kiçik həcmli resurslarını, o cümlədən iqtisadi potensialını daha da zəiflədir, ölkəni hərbi-iqtisadi uçuruma sürükləyirdi. Bu isə Ermənistanın hərbi-siyasi baxımdan ondan bir neçə dəfə qüdrətli olan Azərbaycanla müharibədə bir dövlət kimi tamamilə fiaskoya uğrayacağı təhlükəsini yaradırdı.

3. Silahlı Qüvvələrimizin unikal hərbi əməliyyat nəticəsində Azərbaycanın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməsindən sonra, Ermənistanın heç olmasa müqavimət görüntüsü yaratmaq cəhdləri də artıq öz əhəmiyyətini itirdi. Tarixən alınmaz qala sayılan və Ermənistan rəhbərliyinin Qarabağdakı separatçı rejimin “paytaxt”ı elan etməyə hazırlaşdığı Şuşanın hərbçilərimizin dişi-dırnağı, soyuq və yüngül silahlar hesabına azad etməsi nəinki Ermənistanda, hətta bütün dünya ermənilərində və onların havadarlarında elə bir şok effekti və məyusluq yaratdı ki, kapitulyasiya düşmən üçün yeganə xilas yolu oldu.

4. Cəbhədəki ağır məğlubiyyət, verilən böyük itkilər və insanların qapılarını döyən iqtisadi böhran Ermənistan cəmiyyətində haqlı narazaılıq yaradır, ölkə rəhbərliyinin hərbi-siyasi korafəhmliyini nümayiş etdirirdi ki, bu da son nəticədə hərbi əməliyyatların dayandırılması üçün Azərbaycanın tələblərinin qəbul olunmasını şərtləndirdi.

5. Rəsmi Bakının unikal xarici siyasəti nəticəsində istər regional, istərsə də beynəlxalq miqyaslı siyasi konyunkturanın Azərbaycanın haqq işinə, apardığı Vətən müharibəsinə ən azı loyal yanaşması imkanı qazanıldı.

Azərbaycan niyə 2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsinə getdi?

1. Yuxarıda sadalanan reallıqlar Azərbaycan Ordusunun axıra qədər gedərək düşməni tam iflasa uğradacağına şübhə yeri qoymurdu. Amma öz vətəndaşlarının və hərbçilərinin həyatını qara qəpik qədər qiymətləndirməyən Ermənistan hakimiyyəindən fərqli olaraq, Azərbaycan iqtidarı hər bir hərbçimizin, soydaşımızın həlakını və yaralanmasını böyük faciə kimi qəbul edir. Məhz buna görə, Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsində itirdiyimiz 3 minə yaxın şəhidimizin böyük faciə olduğunu ürək ağrısı ilə dəfələrlə qeyd edib. Bu baxımdan, Ağdam, Kəlbəcər və Laçın rayonlarının müəyyən vaxt ərzində boşaldılmasını ehtiva edən 2020-ci il 10 noyabr Bəyannaməsi daha böyük itkilərin qarşısının alınmasında böyük rol oynadı. Bu sənəd xüsusilə qışın çox sərt keçdiyi dağlıq raronlar olan Kəlbəcər və Laçının döyüşsüz azad olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki dağlıq və sərt qış şəraitində aparılan döyüşlərdə itkilərimiz qat-qat çox ola bilərdi. Ağdamda isə düşmənin topladığı xeyli canlı qüvvə və qurduğu istehkamlar yalnız böyük qanlar bahasına uğur qazanıla biləcəyindən xəbər verirdi. Bu mənada, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyannaməni imzalayan Azərbaycan iqtidarı Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz azad edilməsinə nail olmaqla, hərbçilərimiz arasında daha böyük itkilərin qarşısını aldı.

2. Bu kontekstdə düşmənin də itkilər verəcəyi məsələsini qabardanlar çox idi. Lakin, hərbi əməliyyatlar nəzəriyyəsinə görə hücum edən tərəf, xüsusilə də dağlıq şəraitində hücum əməliyyatları apararkən müdafiə olunan tərəflə müqayisədə daha çox itki verir. Doğrudur, Azərbayacn Ordusunun Vətən müharibəsindəki uğurları, yəni müdafiə olunanla müqayisədə daha az itkilər hesabına qələbələr qazanması, bu müstəvidə bir yenilik yaratsa da, daim humanist dəyərlərə sadiq qalan Azərbaycan qarşı tərəfin də daha böyük itkilər verməsinə qarşı çıxdığını nümayiş etdirdi. Çünki Şuşa, Hadrut, Füzuli azad olunandan sonra Ağdamdakı erməni hərbi qruplaşmasının mühasirəyə düşərək məhv olacağı şübhə doğurmurdu. Amma uzun illər ərzində problemin sülh yolu ilə həllinin vacibliyini vurğulayan Azərbaycan indi də hər iki tərəfdən qan tökülməsinin əleyhinə çıxdığını sübuta yetirdi.

3. Prezident İlham Əliyev bizim ərazilərin qeyd-şərtsiz boşaldılması müstəvisində Ermənistan hakimiyyətinin öhdəlik götürəcəyi və müəyyən qrafik təqdim edəcəyi təqdirdə Azərbaycanın hərbi əməliyyatları dərhal dayandıracağını müharibənin gedişində dəfələrlə vurğulamışdı. Məhz 2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsi çərçivəsində Ermənistan hakimiyyəti bu öhdəliyi öz üzərinə götürməyə və onu yerinə yetirməyə vadar edildi. Bununla da Azərbaycan heç bir ölkənin ərazisində gözü olmadığını və yalnız öz torpaqlarının işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi apardığını sübuta yetirdi. Bu həm də qazanılan uğurları təsbit etməklə, Azərbaycanın mövqeyini dəstəkləyən regional və beyəlxalq siyasi konyukturanın bizim əleyhimizə transformasiya olunmasının qarşısını aldı.

4. 2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsi Azərbaycanın Dəmir yumruğu, Türkiyənin siyasi-mənəvi dəstəyi və Rusiyanın beynəlxalq hüquqa söykənən loyal mövqeyi hesabına Cənubi Qafqazda yaradılan yeni geosiyasi reallığı rəsmiləşdirdi. Bu kontekstdə regionda davamlı sülhün və sabitliyin bərqərar olması, hərtərəfli irisadi-sosial-humanitar əməkdaşlığın inkişafı üçün bütün kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqəsinin yenidən bərpası və Türkiyəyə çıxış alması sözügedən sənədin ən əhəmiyyətli müddəlarından biridir.

5. Tarixi qələbələr olduğu kimi, tarixi məğlubiyyətlər də mövcuddur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamə məhz hər iki reallığı özündə ehtiva edən belə sənədlərdən biridir. Bu Bəyannamə Azərbaycanın tarixi Qələbəsini təsdiqləməklə yanaşı, təcavüzkar Ermənistanın və onun havadarlarını tarixi məğlubiyyətini də rəsmiləşdirdi.

Beləliklə, Ermənistanın kapitulyasiyasını təsdiqləyən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamə məhz Azərbaycanın şərtləri çərçivəsində gələcəkdə regionda yaşanacaq proseslərin məcrasını müəyyənləşdirən sənəd oldu.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: BÜçtərəliBəyannamə   Qələbə  





Xəbər lenti