“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində
  11 Noyabr 2021    Oxunub:567
10 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İslam İnkişaf Bankının (İİB) birgə təşkilatçılığı, eləcə də Asiya İnkişaf Bankının və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun tərəfdaşlığı ilə “Dövlət xidmətlərinin effektiv şəkildə göstərilməsi və elektron idarəetmə: Azərbaycan nümunəsi” mövzusunda onlayn formada həyata keçirilən ikihissəli tədbirin birincisi baş tutub.
AzVision.az xəbər verir ki, vebinarın əsas məqsədi dövlət xidmətlərinin göstərilməsində ölkəmizin qabaqcıl təcrübəsi hesab olunan “ASAN xidmət” modelinin, eləcə də Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar və ailə bizneslərinə dəstək sahəsində görülən işlər və planlaşdırılan layihələr ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq olub. Tədbirdə Tacikistan və Qırğızıstan Respublikaları daxil olmaqla Mərkəzi Asiya regionundan olan ölkələrin dövlət və özəl qurumlarının mütəxəssisləri, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ölkəmizlə, o cümlədən müvafiq sahələr üzrə Dövlət Agentliyi ilə İİB arasında mövcud səmərəli əməkdaşlıqdan söz açıb, bu kimi tədbirlərin uğurlu təcrübələrin bölüşülməsi və sözügedən istiqamətlər ilə bağlı ölkələr arasında dayanıqlı əməkdaşlığın qurulması yolunda əhəmiyyətini vurğulayıb.

Eyni zamanda dünyada qabaqcıl idarəetmənin artan önəmindən və Dövlət Agentliyinin bu sahədə həyata keçirdiyi fəaliyyətlərdən, effektiv və səmərəli xidmətlər, vətəndaş yönümlü elektron idarəetmə sistemi və rəqəmsallaşma istiqamətində görülən işlərdən bəhs edilib.

Açılış sessiyası zamanı İİB-nin baş əməliyyat direktoru vəzifəsini icra edən Anasse Aissami, qurumun Orta Asiya, Azərbaycan və Albaniya üzrə icraçı direktoru Tamerlan Tağıyev və "CAREC" İnstitutunun direktoru Syed Şakeel Şah da çıxış ediblər.

Tədbir çərçivəsində “Dövlət xidmətlərinin göstərilməsinin regional perspektivdən təkmilləşdirilməsi: mövcud çağırışlar və inkişaf perspektivləri”, “Dövlət xidmətlərinin göstərilməsində inteqrasiya edilmiş xidmət idarəetməsi və innovasiyaların tətbiqi: “ASAN xidmət” modeli nümunəsi” və “Rəqəmsal platformalar vasitəsilə kiçik biznesə dövlət dəstəyi üzrə ən qabaqcıl təcrübə” adlı ardıcıl sessiyalar keçirilib.

Sessiyalarda Dövlət Agentliyinin müvafiq sahələr üzrə ekspertləri qeyd olunan istiqamətlər üzrə geniş təqdimatlar ediblər. Bundan əlavə sessiyalarda İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, "CAREC" İnstitutunun və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri də çıxış ediblər.

Sözügedən mövzuda müxtəlif sessiyaları əhatə edəcək növbəti vebinarın 17 noyabr 2021-ci il tarixində həyata keçirilməsi planlaşdırılır.



AzVision.az


Teqlər: "ASAN"  





Xəbər lenti