İrəvanda gərginlik artır

// Mitinqlər bərpa olunub, hakimiyyəti devirmək çağırışları səslənir

  İrəvanda gərginlik artır
  11 Noyabr 2021    Oxunub:1787
2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsində nəzərdə tutulan məsələlər həyata keçirildikcə Ermənistandakı revanşist qüvvələr hökumətə daha güclü təzyiq göstərməyə çalışırlar. Erməni mediası həmin qüvvələrin çağırışı ilə bu gün Respublika meydanında keçirilən etiraz aksiyası zamanı gərginlik yaşandığını bildirib.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, “Nikol satqındır” şüarını səsləndirən bir qrup iştirtakçı hərəkəti dayandırmağa cəhd göstərsə də, polis onları yolun hərəkət hissəsindən sıxışdırıb çıxarmaqla yanaşı, hökumət binasına çox yaxınlaşmağa da imkan verməyib. Nəticədə basabas və əlbəyaxa çəkişmə yaranıb.

Dünən Ermənistan parlamentindəki “Ayastan” müxalif fraksiyasının deputatı Qeqam Manukyan öz “Facebook” səhifəsində “Qarşıdurma üçün səhər saat 11:00-da Respublika meydanına gəlin. Kim gələcək? Gözləyirik. Bu gün hakimiyyət Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olduğunu rəsmi şəkildə bəyan etdi. Hələ üstəlik də, hökumətin üzvü bu gün Sünikə getdi və dolama yolun tikintisinin başa çatığını açıqladı, düşmən isə dərhal trassı bağladı. Dözəcəyik? Bunun cavabını kim berəcək? Hökumət? Səhər hökumətin növbəti iclası olacaq və bizim sual vermək hüququmuz var. Biz hökumətdən cavab tələb edəcəyik” çağırışını edib.


Manukyan bu müraciəti Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gecəyarısı Azərbaycanını Qaqfan-Gorus trassında nəzarət-buraxılış məntəqəsi quracağı barədə verdiyi bəyanatdan sonra paylaşıb. Bir müddət əvvəl keçirilən mitinqdə isə Manukyanın üzvü olduğu “Ayastan” blokunun rəhbəri, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ya seçkilər, ya da ki, barrikadalar yolu ilə hakimiyyəti devirilməsinin bir neçə həftənin işi olduğunu deyib.


Bu ittihamların qarşılığında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Ovik Ağazaryan bildirib ki, qoy müxalifət siyasi proseslərdə iştirak etsin və əgər xalq istəyirsə hakimiyyətə gəlsin.
- Əgər müxalifət mitinqlər vasitəsilə vaxtından əvvəl seçkilər məsələsini qaldırmaq istəyirsə qoy bunu etsin, amma barrikadalarla hədə-qorxu gəlməsin. Qoy müxalifət özündə cəsarət tapıb desin - əgər onlar hakimiyyətə gəlsələr, 9 noyabr sənədinin etibarsız olduğunu tanıyacaqlarmı? Bəlkə onlar bu sənədin həmin vaxt qəbul edilən yeganə düzgün sənəd olduğu ilə razılaşacaqlar? Əgər müharibə vaxtı çatışmazlıqlar olubsa, qoy müxalifət bunu üzə çıxratsın. İstəyirlər hakkimiyyətə gəlib sonra bunu etsinlər, onların məqsədi vətənə xidmət etməkdir, yoxsa hakimiyyətə gəlmək? Əgər məqsəd vətənə xidmət etməkdirsə, qoy nə baş verdiyin desinlər, - Ovik Ağazaryan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   müxalifət  





Xəbər lenti