“Verilən söz tutulmayanda problem yaranır” – Naci Bostançı Zəngəzur dəhlizi haqqında (Müsahibə)

   “Verilən söz tutulmayanda problem yaranır” –    Naci Bostançı Zəngəzur dəhlizi haqqında (Müsahibə)
  11 Noyabr 2021    Oxunub:1153
Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadılıb. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup sədri Naci Bostancı AzVision.az-a müsahibəsində qərarın əhəmiyyətindən, Zəngəzur dəhlizi və erməni təxribatlarından danışıb.
- Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 il sürən danışıqlar heç bir nəticə vermədi. Sonda Azərbaycan özünə aid olan torpaqları azadlığa qovuşdurdu. Haqlı savaşında Türkiyə də Azərbaycanın yanında idi. Müharibə zamanı Ermənsitan haqsız mövqedə olduğu üçün elə də güclü dəstək görə bilmədi. Təbii ki, dəstək verənlər oldu, amma heç nəyi dəyişə bilmədilər. Nəticədə yeni vəziyyət yaranıb.
Rusiya, Azərbaycan və Türkiyə Qafqazda gərginliyin bitməsi, sülhün bərqərar olması üçün ortaq qərar qəbul etdilər. Rusiya və Türkiyə Birgə Monitorinq Mərkəzi bölgəyə nəzarət etməyə başladı. Konsensusa əsasən, Türkiyə Böyük Millət Məclisində qərar çıxarılaraq, bölgəyə əsgər göndərildi. Bir il ərzində Türkiyə əsgəri vəzifəsini yüksək səviyyədə icra etdi. Cənab Prezident Rəcəb Tayib Ərdoğan dəfələrlə qeyd edib ki, Ermənistan pozitiv bir addım atarsa, sülhün reallaşması mümkündür. Bölgəyə sülhün təmin edilməsi lazımdır. Bu, bütün tərəflərin ortaq səyi nəticəsində baş tuta bilər.

- Son günlər erməni tərəfi müəyyən təxribatlara cəhdlər edir. Sizcə, bunun arxasında nələr durur?
- Ermənistanın siyasi sistemininin daxilində müəyyən kodlar var. O kodları incələyərkən əsl mənzərə müşahidə olunur. Belə ki, bir tərəfdə diaspor erməniləri, digər tərəfdə isə Ermənistandakı sadə insanlar var. Diaspor ermənilərinin nüvələrində fanatik millətçilik dayanır. Sosial və iqtisadi gücünü də bu fanatik millətçilikdən alır. Təzahürü isə özünü təxribatçılıq, gərginlik hətta sülhə əngəl yaratmaq şəklində göstərir. Ancaq özləri xaricdə yaşadıqları üçün rahatdırlar.


Fanatik düşüncələri, baxışları isə Ermənistanı geriyə atır. Ermənistana baxanda iqtisadi cəhətdən geridə qalmış bir ölkə görürük. Həyat standartları son dərəcə aşağı olduğundan, vətəndaşları da ölkədən qaçmağa məcbur olurlar. Ermənilər öz mənafeləri üçün gerçəkliklə üzləşməlidirlər. Bu halda Ermənistan rifaha qovuşacaq. Təbii ki, sülh prosesi üçün addımlar da atılmalıdır. Gerçəklərlə üzləşmənin əsas şərtlərindən biri də budur.

- Erməni tərəfin gərginliyi çoxaltdığı son günlərdə bəzi Qərb ölkələrinin ikili yanaşmasının arxasında Zəngəzur dəhlizinin açılma ehtimalı ola bilərmi?
- Birləşmiş Millətlər təşkilatının yaranmasında məqsəd tərəflərin haqlarına və mənfəətlərinə hörmətlə yanaşmaq, dünyanı müharibələrdən qorumaq idi. Bu işin uğurla davam etməsi üçün təşkilatda özlərini “patron” kimi aparanlar olmamalıdır. BMT-nin hazırkı vəziyyəti isə bəzi ölkələrin öz məqsədlərilə hərəkət etdiyini göstərir. Rəcəb Tayyib Ərdoğanın dediyi “Dünya beşdən böyükdür” sözləri məhz bu idarəçilik sistemini nəzərdə tuturdu. Qarabağ problemində də BMT-nin necə zəif mövqe nümayiş etdirdiyini gördük. Hər kəs ağıllı davranmalıdır. Problemləri ölkələrin real vəziyyətlərinə, hər kəsin mənfəətlərinə, ədalət prinsiplərinə görə həll etmək lazımdır. Məsələləri ucuz siyasətçilərdən, polemikalardan kənarda çözmək gərəkdir. Əgər bölgədə sülh istəyirlərsə, şəxsi mənfəətlərə görə yox, həqiqətə görə mövqe nümayiş etdirməlidirlər. Türkiyə və Azərbaycanın mövqeyi burdur. Rusiya da bölgədə balansı gözləyən ölkə mövqeyində dayanıb.

Ümid edirik ki, Ermənistan da bu istiqamətdə addımlar atacaq. Ancaq o zaman sülhə nail olmaq mümkündür. Zəngəzur dəhlizi isə mütləq açılmaldır. Çünki Azərbaycanın öz ərazisi ilə bağlantısı yoxdur. 10 noyabr bəyanatının şərtlərindən biri də məhz bu əlaqənin qurulmasını şərtləndirir. Söz verildisə, tutulmalıdır. Verilən sözlər tutulmayanda problem yaranır. Bu dəhlizin açılması həm də verilmiş sözün tələbidir. Bizim də gözləntimiz budur.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  





Xəbər lenti