Amerikalı jurnalistə 11 il həbs cəzası kəsildi

   Amerikalı jurnalistə 11 il həbs cəzası kəsildi
  12 Noyabr 2021    Oxunub :294
Myanma məhkəməsi amerikalı jurnalist, “Frontyor Myanmar” müstəqil nəşrinin baş redaktoru Denni Fensteri terrorçuluq fəaliyyətində və üsyanlara təhrikçilikdə ittiham edərək ona 11 il həbs cəzası kəsib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hüquqşünas Denni Fensterə daha bir neçə məsələ üzrə ittiham irəli sürüldüyünü bildirib. Məhkəmə onu həm də viza rejimini pozmaqda və qadağan olunmuş təşkilatlarla əlaqələrdə günahkar bilib.

Fenster 2021-cil mayın 24-də Malayziyaya uçmağa hazırlaşarkən Myanmanın Yanqon beynəlxalq aeroportunda saxlanılaraq, İnseyn həbsxanasına aparılıb. ABŞ hakimiyyəti dəfələrlə Myanma hökumətini zorakılığı dayandırmağa və “Frontyor Myanmar” nəşrinin baş redaktoru və avstraliyalı Şon Ternell də daxil olmaqla həbsxanalardan bütün siyasi məhbusları buraxmağa çağırıb.

Oktyabr ayında Myanmadakı xunta hökumətinin anti-hərbi protestlərin 5,6 min iştirakçısını həbsdən buraxacağı bəlli olub. Hərbi hökumətin lideri Min Aun Hlayn amnistiyanın “humanitar yanaşma”dan irəli gəlidiyini deyib.

Bu ilin fevralında Myanmada baş verən hərbi çevriliş nəticəsində ölkənin Ali baş komandanı Min Aun Hlaynın əsgərləri hökuməti qovaraq prezident Vin Mini və dövlət katibi və xarici işlər naziri vəzifəsini tutan Aun San Su Çjini həbs etdilər. Tezliklə devrilmiş hökuməti dəstəkləyən protestlər başladı. Hakimiyyətdən uzaqlaşdırılmış deputatlar isə hərbi rejimlə mübarizə üçün Milli birlik hökuməti yaratdılar. Hazırda mühacirətdə olan bu şəxslər ölkədə rəsmi vəzifə tutmaq hüququna malik deyillər.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Myanma   ABŞ  







Xəbər lenti