İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib - YENİLƏNİB

 İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib -  YENİLƏNİB
  12 Noyabr 2021    Oxunub :700
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
AzVision.az xəbər verir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib:

- Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.

***
Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.

AzVision.az xəbər verir ki, Ali nişanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Eyni zamanda, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib.

Qeyd edək ki, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına sədrlik edib.

AzVision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti