Mükafata layiq liderə sahibinə layiq mükafat

// Yeni dövrdə Türk dünyasına ən böyük xidməti İlham Əliyev göstərib

  Mükafata layiq liderə sahibinə layiq mükafat
  14 Noyabr 2021    Oxunub :1181
Bəşər tarixində mükafatların heç də ona ən layiq olan insanlara verilmədiyi hallar çox olub. Məsələn, əməlləri ilə "sülh" anlayışını nüfuzdan salan adamların Nobel Sülh mükafatına layiq görülməsi bu müstəvidə çıxarılan qərarların adətən sırf siyasi motivasiya daşıdığını sübuta yetirir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi “göstərilən xidmətlərə görə layiqli mükafat” prinsipini birmənlı şəkildə doğruldan hadisədir.
Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olinması barədə qərarı imzalayan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin mövqeyinə dövlət başçımıza bəslədikləri şəxsi hüsn-rəğbətin təsir göstərdiyini kimsə inkar edə bilməz. İlk növbədə ona görə ki, müasir dünyada dövlət başçıları arasındakı münasibətlər əksər qərarların verilməsində əhəmiyyətli rol oynayır.
Amma məsələ bundadır ki, həmin hüsn-rəğbəti siyasi liderin tutduğu vəzifə yox, məhz onun bir siyasətçi və dövlət başçısı kimi öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalması, ümumi maraqların qorunması və dəstəklənməsi, ümumi işdə faydalılıq əmsalının yüksək səviyyədə olması amilləri şərtləndirir. Prezident İlham Əliyevin ali mükafata layiq görülməsinin əsas səbəbi onun məhz bu keyfiyyətlərə bir siyasətçi kimi cavab verməsi və türk dünyası dövlətlərinin inteqrasiya prosesində xalqımızın iradəsini səfərbər etməsidir.

İlham Əliyevin bir siyasətçi və dövlət başçısı kimi heç vaxt populist vədlər vermədiyi, amma verdiyi vədlərə sadiq qalaraq, onları dəqiqliklə və maksimum qısa vaxtda yerinə yetirdiyi yalnız xalqımıza yox, beynəlxalq ictimaiyyətə, o cümlədən də türk dünyasına yaxşı məlumdur. Bu baxımdan onun strateji düşüncəli uzaqgörən, məqsədyönlü və prinsipial lider keyfiyyərləri türk dövlətləri arasında hərbi-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi və coğrafi əlaqələrin genişləndirilməsində və inkişafında böyük rol oynayır.

Sadalanan keyfiyyətlərin bariz nümunəsi onun hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının tarixi Naxçıvan Zirvə görüşündə “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdı” deməklə bu acı həqiqəti yalnız türk dünyasına yox, bütövlükdə beynəlxalq ictimiyyətə çatdırması, 11 il sonra isə bu cinayətə xitam verilməsi yönündə atdığı addımlardır. Bəli, söhbət xalqımızın 44 günlük Vətən müharibəsindən sonra əvvəlcə Azərbaycanı Türkiyə ilə, sonradan bu iki qardaş ölkəni digər türk dövlətləri ilə birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Beləliklə də, 160 milyonluq əhalinin yaşadığı türk dövlətlərinin vahid tranzit və iqtisadi inkişaf məkanı yaranır. Bu reallıq İlham Əliyevin Naxçıvan çıxışından 11 il sonra ərsəyə gətirildi ki, belə müddət də tarix üçün əslində də bir göz qırpımı deməkdir.

Sözsüz ki, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsini şərtləndirən əsas amillərdən biri və bəlkə də ən birincisi onun dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi düşmənin ərazilərimizdən qovulmasındakı rolu, beləliklə də türk dünyasının istənilən təcavüzkarı cəzalandırmaq qüdrətində olduğunu sübuta yetirməsidir. Təsadüfi deyil ki, türk dövlətləri Azərbaycanın haqq işinin təntənəsini bütün türk dünyasının Böyük Qələbəsi kimi qiymətləndirir, bu uğurun türkdilli dövlətlər arasında bağlılığa ciddi töhfə verəcəyini vurğulayırlar. Çünki bu möhtəşəm Qələbənin məntiqi nəticəsi kimi açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığı və inteqrasiya proseslərini daha da gücləndirəcək.

Türk dövlətlərinin inteqrasiyası prosesinə hələ tarixi Naxçıvan sammitindən də əvvəl başlayaraq, önəmli töhfələr verən Prezident İlham Əliyevin ölkəmizin Türk Şurasına sədrliyi dövründə bir sıra önəmli təşəbbüsləri qurumun beynəlxalq müstəvidə mövqelərini də xeyli gücləndirib. Bu kontekstdə təşkilata yeni ölkələrin daxil olması ən önəmli məqamlardan biridir.

Hakimiyyəti illərində Azərbaycanın iqtisadi-siyasi və hərbi qüdrət baxımından müasir və qlobal miqyaslı nüfuzlu dövlətə çevirən İlham Əliyevin liderlik xüsusiyyətləri, diplomatik məharəti, ölkəmizin milli maraqlarının təminatı müstəvisində apardığı ardıcıl və qətiyyətli siyasəti onu bütövlükdə türk dünyasında ən güclü siyasi liderlərdən biri kimi tanıdıb. Bu baxımdan, ali mükafatla təltif edilməsi onun şəxsiyyətinə, türk dünyasında liderlik mövqeyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası isə tarixi Qələbəmizin qazanılmasında göstərdiyi xidmətlərə verilən layiqli qiymətdir.
Bütün təltiflər zamanı olduğu kimi “Türk Dünyasının Ali Ordeni” mükafatının da bütün xalqımızın qazandığını bildirməklə Azərbaycan Prezidenti onun üçün vətəndaşlarımızın iradəsindən yüksək amalın olmadığını bir daha təsdiqlədi.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: İlhamƏliyev   AliOrden  







Xəbər lenti