Trampın şirkəti Vaşinqtondakı otelin hüquqlarını satır

   Trampın şirkəti Vaşinqtondakı otelin hüquqlarını satır
  15 Noyabr 2021    Oxunub:692
ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Trump Organization” şirkəti Vaşinqton şəhərinin mərkəzində yerləşən “Trump International Hotel”in hüquqlarını 375 milyon dollara satmağa razılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Otelin icarə hüququnu satın alan CGI “Merchant Group” investisiya kompaniyası Ağ evin sabiq rəhbərinin adını fasaddan silmək niyyətindədir. Kompaniya mehmanxananın idarə olunması və brendi ilə bağlı “Hilton” otellər şəbəkəsi ilə razılığa gəlib.

Ağ Evin yaxınlığında yerləşən, 120 ildən çox əvvəl tikilmiş və poçt şöbəsi olan otel binası hökumətə məxsusdur, lakin 100 ilə qədər icarəyə verilə bilər. “Trump Organization” tərəfindən otelin yeni sahibinə təhvil veriləcək icarə hüquqları barədə müqavilənin gələn ilin birinci rübündə bağlanacağı gözlənilir. Donald Trampın prezidentliyi dövründə otel respublikaçıların məşhur toplaş yeri olub.

Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət komitəsi otelin maliyyə göstəricilərini yoxlayır. Qanunvericilərin fikrincə, otel son bir neçə ildə zərərlə işləsə də, Donald Trampın verdiyi məlumatda onun gəlir əldə etdiyi qeyd olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Tramp   Otel  





Xəbər lenti