Ermənistanın Qarabağa gedən müdafiə naziri işdən qovuldu

  Ermənistanın Qarabağa gedən müdafiə naziri işdən qovuldu
  15 Noyabr 2021    Oxunub :1279
Ermənistan prezidenti Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib. AzVision.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın təklifi ilə bu vəzifəyə Suren Papikyan təyin edilib. Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.
Bundan əvvəl baş nazirin ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti kadr dəyişikliklərinin olacağı barədə məlumat yaymışdı.

Qeyd edək ki, Arşak Karapetyan cari ilin avqust ayında bu vəzifəyə təyin edilmişdi. O, bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə səfər etmişdi. Bu da öz növbəsində rəsmi Bakının haqlı narazılığına səbəb olmuşdu və Azərbaycan xalqını hiddətləndirmişdi.

Başıqapazlı general: Ermənistanın yeni müdafiə nazirinin dili süngüsündən uzundur – Ədalət Verdiyevin yazısı
Papikyan isə 1986-cı il təvəllüdlüdür. O, İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində aspiranturada oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri təyin edilib. 2021-ci ildə prezidentin sərəncamı ilə Ermənistanın baş nazirinin müavini vəzifəsində çalışmağa başlayıb. 2016-cı ildə o, Ermənistanda nasist-terroçu Qaregin Njdenin adına təsis edilmiş medalla təltif olunub.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir. Müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci ilin noyabrın 20-də işdən çıxarılıb. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olundu. O, 2021-ci ilin iyulun 20-də vəzifəsində azad olunub. Həmin ilin avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. O, noyabrın 15-də vəzifəsindən uzaqlaşdırılıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər:  







Xəbər lenti