Ukrayna Azərbaycana yeni silahlar təklif edə bilər – Müsahibə

   Ukrayna Azərbaycana yeni silahlar təklif edə bilər –    Müsahibə
  15 Noyabr 2021    Oxunub :711
Rusiyanın Federasiya Şurası Ukrayna ilə müharibə ehtimalını nəzərdən keçirib. Şuranın üzvü Sergey Tsekov hesab edir ki, Ukraynanın Donbasla açıq hərbi qarşıdurmaya getməsi vətəndaş etirazlarıni gücləndirəcək. Senator Rusiyanın özünü müstəqil elan etmiş respublikaları qoruyacağını bildirib, lakin onu da əlavə edib ki, Ukraynanın müharibə qərarı vermək ehtimalı 50 faizə yaxındır.
Ukrayna Hərbi-Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko AzVision.az -a müsahibəsində təsdiqləyib ki, hazırda Rusiya-Ukrayna sərhədində vəziyyət yenidən kəskinləşib. Çünki Rusiya yenidən müntəzəm manevrlər etməyə başlayıb:

- Ümumiyyətlə, 2015-ci ildən Rusiya Federasiyası 20-ci Ordusunun qərargahını Nijni Novqoroddan Ukrayna sərhədindən təxminən 250-300 kilometr məsafədə yerləşən Voronejə köçürüb. Son illər Rusiya Federasiyası qərargahı Rostov vilayətinin Novoçerkassk şəhərində, Ukrayna sərhədinə təxminən 80 kilometr məsafədə yerləşən 8-ci Ordusunu da gücləndirilir. Bundan əlavə, Rusiya ilhaq edilmiş Krımda hərbi mövcudluğunu artırmağa davam edir. Belarusdan şimala doğru istiqamət də risk faktoruna əlavə edilib. Bütün bunlar deməyə əsas verir ki, Rusiya Federasiyası Ukrayna sərhədləri ətrafında hərbi mövcudluğunu fəal şəkildə gücləndirir, informativ-psixoloji təzyiqi artırmağa və hədə-qorxu gəlməyə çalışır.

Lakin Ukrayna Silahlı Qüvvələri də sakit oturmurlar. Təhlükəsizlik və müdafiə sektorumuz vəziyyətə nəzarət edir, təhlillər aparır, nəticələr çıxarır, hərbi təlimlərin sayını artırır, müdafiə qabiliyyətini gücləndirir, silah sınaqları keçirir.
Son vaxtlar Donetsk və Luqansk vilayətlərində gərginlik artıb. Hətta ATƏT-in missiyası da qeyd edib ki, Rusiya Federasiyasının nəzarətində olan hərbi birləşmələr Minsk razılaşmalarına uyğun olaraq, məntəqələrdə saxlanması nəzərdə tutulan 209 ədəd artilleriya sistemini, tank və digər silahları mövqelərə çıxarıblar. Ukrayna “Bayraqdar” PUA-lardan istifadə etməklə, son zamanlar daha qətiyyətli və fəal hərəkətlərə başlayıb.

- Vəziyyət nə qədər ciddidir?
- Kifayət qədər. Amma yenə də tammiqyaslı, hərtərəfli müharibə ehtimalından danışmazdım. Məsələ ondadır ki, Rusiya Federasiyası “Şimal axını - 2” qaz kəmərinin sertifikatlaşdırılmasını gözləyir və ABŞ ilə danışıqlar aparmağa çalışır. Eyni zamanda, Ukraynanın da ordusu, döyüş ehtiyatı var və ərazinin müdafiəsi imkanları fəal şəkildə öyrənilir.


Bundan əlavə, Rusiya qoşunlarının kütləvi hücumu resurs və xərc tələb edir. O, həm də itkilərə hazır olmalıdır, üstəlik buna ABŞ və Aİ-nin çox sərt sanksiyaları da əlavə olunacaq. Bütün bunlar Rusiya Federasiyasını səbrli davranmağa sövq edir. Amma risklər qalır. Çünki qeyd etdiyimiz kimi, Rusiyanın Ukrayna ilə sərhədlərdə hərbi varlığını artırması, düşməncəsinə ritorikası təcavüzkar siyasətin təəssüf ki, yaxın gələcəkdə dəyişməyəcəyini göstərir. Biz Ukraynada bunu başa düşür, ordunu, təhlükəsizlik sektorunu və bütövlükdə ölkəni gücləndiririk.

- Ölkələrimiz arasındakı münasibətlərə keçək. Müstəqilliyin ilk illərində Ukrayna Azərbaycanın hərbi-texniki əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biri olub. Bu əməkdaşlığın ən aktiv dövrü 2000-ci illərə düşsə də, son vaxtlar ölkələrimiz arasında hərbi layihələr həyata keçirilmir. Nə baş verdi?
- 90-cı illərin sonunda, 2000-ci illərdə Ukrayna ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədə idi və bu, hərbi-texniki əməkdaşlığa da aiddir. Lakin sonradan azalmağa başladı. Məncə, burada Rusiya faktoru var. Çünki Rusiya Federasiyası Ukraynanı silah bazarında ciddi rəqib sayır və sıxışdırmağa çalışır. Ola bilsin ki, məhz Ukrayna prezidenti Yanukoviçin rusiyapərəst xarakterinə görə ölkələrimiz arasında bu əməkdaşlıq getdikcə azalmağa başlayıb. Axı o, bu məsələdə Rusiya Federasiyasının əlinə oynamağa çalışırdı. Lakin son vaxtlar Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yenidən yüksək səviyyəyə qaldırılacağına ümid yaranıb. Ukrayna Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir, Azərbaycan da öz növbəsində Krımın ilhaqını tanımır. Siyasi əlaqələrimiz kifayət qədər yaxşı inkişaf edir və əməkdaşlıq üçün iqtisadi potensial da yüksəkdir. Bu əməkdaşlığı gücləndirmək üçün səy göstərilməlidir.

- Kiyev Bakıya hansı yeni silah növləri təklif edə bilər?
- Ukrayna son vaxtlar müdafiə sənayesində ciddi irəliləyişlər əldə edib. Biz yeni radar stansiyaları, müxtəlif tipli dronlar; tank əleyhinə idarə olunan raketlər üçün "Skif", "Korsar" kompleksləri, "Olxa", "Neptun" raket kompleksləri; müxtəlif növ zirehli maşınlar; "Kozak", "Ataman", "4 E" zirehli transportyorları (4x4, 6x6, 8x8); "Antonov"hərbi-nəqliyyat təyyarələri; artilleriya və raket katerləri istehsal edir, kibertəhlükəsizlik sahəsində kompleks məsələlərin həllini işləyib-hazırlayırıq. Ukrayna həmçinin sovet istehsalı olan avadanlıqların təmirini və modernləşdirilməsini də təklif edə bilər.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az

Teqlər: Ukrayna   Rusiya   Azərbaycan  







Xəbər lenti