“Kiçik bir millət - böyük Animasiya” festivalının açılışı oldu - FOTO

“Kiçik bir millət - böyük Animasiya” festivalının açılışı oldu -  FOTO
  16 Noyabr 2021    Oxunub:903
Latviyanın ölkəmizdəki səfirliyi “Park Cinema” ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə təşkil etdiyi “Kiçik bir millət - böyük Animasiya” festivalının açılışı olub.
AzVision.az xəbər verir ki, mərasimində çıxış edən Latviyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Vija Busa bildirib ki, noyabr ayı latviyalılar üçün çox əhəmiyyətlidir. Çünki məhz bu ay Latviyanın müstəqilliyinin 103-cü ili tamam olur.

“Bu ay ərzində səfirliyimiz ardıcıl olaraq bir sıra tədbirlər təşkil edib ki, bunlardan biri də “Kiçik bir dövlət – böyük Animasiya” adlanır. Həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş animasiya filmlərinin nümayiş olunacağı festival Latviya səfirliyi və “Park Cinema”nın birgə təşkilatçılığı və Latviya Kino Mərkəzinin əməkdaşlığı ilə həyata keçirilir”, - xanım diplomat bildirib.

V.Busa onu da əlavə edib ki, animasiya filmlərinə bilet alacaq tamaşaçılar lotereya yarışmasında iştirak edə biləcəklər və bu zaman dörd nəfərin udmaq şansı olacaq. Daha sonra çıxış edən Latviyanın məşhur animasiya filmləri rejissoru, Latviya Milli Animasiya Filmləri Studiyasının direktoru Vladimirs Leşçiov deyib ki, Azərbaycanda olmaqdan çox məmnundur: “Bu mənim Azərbaycana ilk səfərimdir və burada Latviya kinematoqraflarını təmsil edirəm. Çox danışmağı sevmirəm. Mən sadəcə öz sevdiyim işimlə məşğulam, animasiya filmləri çəkərək insanlara təqdim edirəm. Festival çərçivəsində “masret class”da keçirəcəyik. Hər birinizi filmlərə baxmağa dəvət edirəm”.

Rejissor onu da əlavə edib ki, Latviya və Azərbaycan animasiya film yaradıcıları arasında səmərəli əməkdaşlığın yaranacağına inanır.
Daha sonra animasiya filmlərinin qısa təqdimatı olub. Rejissor Leşçiovun çəkdiyi klassik və daha çox nostalji ovqat yaradan “Elektrikçinin günü”, “Yeni ili gözləyirik”, “Yağışlı günlər”, “Qanadlar və avarlar” adlı dörd fəlsəfi xarakterli animasiya filmi nümayiş etdirilib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Latviya   Animasiya-festivalı  





Xəbər lenti