12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
  16 Noyabr 2021    Oxunub :483
19-23 noyabr tarixlərində paytaxtda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.
Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının, Ukraynanın “Oskar” Komitəsinin üzvü, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Belqrad Film Festivalının təsisçilərindən biri, müxtəlif festivallarda mükafat alan onlarla filmin prodüseri serbiyalı prodüser Miroslav Maqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair, mədəniyyət sahəsində də bir çox məqalə və esselərin müəllifi Səlim Babullaoğlu, Xalq artisti, yaratdığı bütün obrazlarda özünəməxsusluğu ilə seçilən aktrisa Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alır.

Bu il festival ilk dəfə olaraq “Azərbaycan kinosunda xidmətlərinə görə” Qızıl Nar mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.

Bu ilki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi də var. Beləki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN –dir.

12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq. Festivalın daha bir sürprizi BAFTA namizədlərinin xüsusi nümayişi olacaq. British Council ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

“Dili bizim” proqramı Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlərə işıq tutacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də saat 19: 00-da Nizami Kino Mərkəzində keçiriləcək.


Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2000-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, British Council yer alır.

Space Teleradio şirkəti, AvtoFM, Trend İnformasiya Agentliyi, “Teleqraf Holdinq” , Kulis.az portalı, Mədəniyyət qəzeti, Kinobiz platformaları festivalın media tərəfdaşıdır.

Hörmətlə,
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi
(+994 55) 221-20-41
www.filmfestival.az
[email protected]

AzVision.az

Teqlər: Film  







Xəbər lenti