Gübrənin qiyməti gübrələnib: Bahalaşma riski artır

// Gübrə qıtlığı Azərbaycan üçün nə qədər təhlükəlidir?

 Gübrənin qiyməti gübrələnib:  Bahalaşma riski artır
  18 Noyabr 2021    Oxunub :1653
Dünya bazarında gübrələrin qiyməti kəskin bahalaşıb. Xüsusilə gübrənin alınmasında istifadə olunan əsas maddənin - ammiakın bahalaşması artıq kənd təsərrüfatı sahəsinə mənfi təsirini göstərməkdədir. Dünyada baş verən hadisələr, ekstremal hava şəraiti, zavodların bağlanması, bir sıra hökümətlərə qarşı sanskiayaların tətbiqi, təbii qazın qiymətinin artması, işçi qüvvəsinin qıtlığı gübrə sahəsində problemlərə və qiymət artımına təsir göstərir.
Hazırda dünya bazarında ammiakın orta pərakəndə satış qiyməti keçən ayla müqayisədə 38% artaraq, noyabrın ilk həftəsində tonu 1113 dollara satılıb. Bu rekord göstəricidir. Eyni zamanda noyabrın ilk həftəsində digər gübrələrin qiymətində 9%-dən 36%-ə qədər artım olub ki, bu da tədarükün kəsilməsi ilə əlaqələndirilir.

Ümumiyyətlə, gübrə qiymətlərində artım ilin əvvəlindən müşahidə edilir. Dünya Bankının Əmtəə Bazarlarına baxış hesabatına əsasən, ən çox yayılmış fosfat gübrəsinin (Diamonium fosfat - DAP) qiyməti ton üçün orta hesabla 620 dollara çatıb, bu da ötən rüblə və ya birinci rüblə müqayisədə 25% çoxdur.


Fosfat gübrəsinin dünya tədarükünün 30%-ni təmin edən Çində yüksək enerji xərcləri, güclü ixrac tələbi və artan daxili qiymətlər hakimiyyəti 2022-ci ildə onun ixracını məhdudlaşdırmağa vadar edir. Ümumiyyətlə, Dünya Bankının fikrincə, gübrə qiymətlərində artım ilin sonuna kimi davam edəcək.

Fransada ən çox istifadə edilən gübrələrdən biri olan 33,5%-li ammonitratın tonu yaz aylarında 300 dollara satılırdısa, hazırda 750 avrodan bahadır. Artıq Avropada ammiak və digər mineral maddələrin qiyməti artdığı üçün fermerlərin onları almaqdan imtina edərək, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını dayandıracaqlarını bildirirlər.

Bəs bizdə vəziyyət necədir?

Azərbaycanda 2019-cu ildən istifadəyə verilən Karbamid zavodunda yalnız ammonyak və karbamid istehsal olunur. Digər gübrələr isə ölkəmizə idxal olunur. Ona görə, gübrələrin tədarükündəki qiymət artımı ölkəmzdən də yan keçməyib.
Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayev AzVision.az -a bildirib ki, azot gübrəsi (Selitra), qarışıq gübrələrdə 15-20%-lik artım müşahidə edilir. Bu da ana maddənin istehsalından tutmuş, daşınmasına qədər bütün sahələri əhatə edir:
- Qiymətlərin bundan sonra da artacağı güman edilir. Özüm assosiasiya sədri olmaqla yanaşı, həm də sahibkaram. Hər həftə gübrələrin qiymətlərin artım olur. Biz əvvəllər tədarükçüdən bir malı almaq istəyəndə ən azı 3 aylıq qiymət təklifi verirdilər, indi maksimum 10 gün üçün təklif təqdim olunur. 10 gündən sonra qiymət artır. Tədarükçülər də aktiv maddələri başqa dövlətlərdən qiymət artımı ilə aldıqları üçün təklifi 10 günlük verirlər.

Bu hal təkcə aqrokimyəvi maddələrdə deyil, eyni zamanda, pestisidlərdə də öznü göstərir. Pestisidlərin qiymətində 2022-ci il üçün 15-25%, bəzi pestisidlərdə isə daha da çox artım gözlənilir. Bizim tədarükçülər istehsalçı ölkələrlə əlaqə saxlayanda onlar pestisidlərə qiymət deməkdə çətinlik çəkərək, gələn ilin yanvar-fevral aylarını gözləməyi təklif edirlər. Çünki hər ötən gün yeni qiymət artımı müşahidə edilir.


Ə.Abdullayev qeyd edib ki, gübrələrin qiymətlərinin artması istehsalçılara mənfi təsirini göstərir. Buna baxmayaraq, Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə subsudiyaların ayrılması maliyənin bir qismini qarşılmağa imkan verir.
- Azərbaycanda fermerlər üçün üstün cəhətlərdən biri kənd təsərrüfatına subsudiyaların ayrılmasıdır. Bu sahibkara, fermerə əlavə dəstəkdir. 2021-ci ikldə "Amofos" 430 dollara, "Karbamod" 270 dollara, “Nitroazafoska 16:16:16” 298 dollara, 34 faizli "Selitra" 180-190 dollara olub. Bu gün artıq gübrə qiymətlərində ilin əvvəli ilə müqayisədə 15-20%, bəzi gübrələrdə 40% artım müşahidə edilir. Rusiya zavodlarına qiymətlə bağlı təklif göndərmişik, onlar isə resursları az olduğu üçün bunu bir neçə günə edəcəklərini deyirlər.

Artım son nəticəyə - ərzaqların qiymətinə də təsir edir. Fermer gübrə almaqda çətinilik çəkirsə, bu, istər-istrəməz məhsuldarlığa, məhsulun keyfiyyətinə də təsir edir. Azərbaycana azot gübrələri Rusiyanın müxtəlif şəhələrindən, o cümlədən Qazaxıstan və Ukraynadan gətirilir. Heyvansal və bioloji gübrələr isə Türkiyədən, İspaniyadan İtaliyadan, Findaliyadan, İsraildən alınır. Bu gün ölkəmizdə yalnız karbamid gübrəsi istehsal olunur. Artıq aqroparklarda qismən heyvansal, orqanik, yarpaqdan verilən gübrələrin istehsalına başlanılıb.

- Gübrə istehsalında böyük həcmdə sərmayə, həm də istehsal olunan gübrələrin satışı tələb olunur. Bundan sonra çox güman ki, gübrələrin ölkəmizdə istehsal olunması üçün dövlət tərəfindən diqqət ayrılar və istehsal ölkəmizdə də aparılar,- deyə assosiasiya sədri əlavə edib.

Aytən Zəhra
AzVision.az

Teqlər: Gübrə  







Xəbər lenti