"Azərbaycan sülhün təmin olunmasına çalışır" - Səfir

   "Azərbaycan sülhün təmin olunmasına çalışır" -    Səfir
  18 Noyabr 2021    Oxunub:874
İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi hərbi təxribatların nəticəsi olaraq yaranmış vəziyyətə dair “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycanın İtaliyadakı səfirliyindən AzVision.az -a verilən məlumata görə, diplomatın məqaləsində qeyd olunur:

"Azərbaycan son aylarda dəfələrlə Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən bütün regionda davamlı sülh, inkişaf və tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirib. Çünki mənim ölkəm beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və hörmətə əsaslanan iki ölkə arasında münasibətlərin normallaşmasına alternativ olmadığına əmindir. Bu normallaşmanın məqsədi Azərbaycan və Ermənistan arasında barışıq və dinc yanaşı yaşamaqdır.

Azərbaycanın davamlı sülh çağırışlarına baxmayaraq, Ermənistan yenə də dialoq və sülh yolunu deyil, müharibə yolunu seçib və Ermənistanın son günlər törətdiyi məqsədyönlü təxribatlar bu ölkənin rəhbərliyinin növbəti hərbi avantürasıdır. Bu təxribatlar Ermənistanın keçmiş müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi ilə başlamış, ardınca Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyət üzvü Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşmiş, habelə Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulmuşdur. Noyabrın 16-da dövlət sərhədində Ermənistanın silahlı təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisi qəhrəmancasına şəhid olmuş, 10-u yaralanmışdır.

Bütün bunlar Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirdiyini və regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, o cümlədən Azərbaycanla sərhədlərin delimitasiyasında maraqlı olmadığını göstərir, habelə sərhəddəki vəziyyət Ermənistanın təhlükəli revanşist ideyalarının və Azərbaycana qarşı ərazi iddialarının nəticəsidir.

Ermənistan rəhbərliyi və bu ölkənin siyasətçiləri başa düşməlidir ki, bu yanaşma çox təhlükəlidir və məsuliyyətli davranmaq lazımdır. Son 30 ildə baş verənləri təhlil edəndə qonşu dövlətlərə qarşı ərazi iddiası siyasətinin Ermənistana nə qədər problem və ağrılar gətirdiyi aydın olur. Vətən müharibəsi və ondan sonrakı hadisələr həqiqətin hansı tərəfdə olduğunu dünyaya nümayiş etdirdi. Ermənistanın 30 ildir ki, danışıqlar masası arxasında bütün dünyanı aldatmaq, Azərbaycan torpaqlarını işğal altında saxlamaq, həmin ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olmaq və beynəlxalq hüquqa məhəl qoymamaq cəhdləri fonunda Azərbaycan beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq keçənilki 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü bərpa etdi.

Ermənistanın 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi misli görünməmiş dağıntılar erməni tərəfinin əsl mahiyyətini ortaya qoydu. Müharibənin başa çatmasından keçən bir il ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz imkanları hesabına və beynəlxalq tərəfdaşların, o cümlədən İtaliyanın da iştirakı ilə həyata keçirdiyi böyük bərpa və yenidənqurma işləri ilə bütün dünyaya bir daha göstərdi ki, mənim ölkəm bütün regionda inkişafın, tərəqqinin və rifahın hərəkətverici qüvvəsidir.

Ermənistanın Azərbaycan ərazilərinin işğalı zamanı həmin ərazilərdə yaşamış bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparmasına baxmayaraq, Azərbaycanın məqsədi öz suverenliyini bərpa etdiyi ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını Azərbaycanın iqtisadi, mədəni və sosial həyatına yenidən inteqrasiya etməkdir. “Şübhəsiz ki, Azərbaycanın regionda bütün kommunikasiya xətlərinin açılmasına yönələn səyləri dərin iqtisadi və sosial problemlər içərisində boğulan Ermənistana böyük fayda verəcək".

Ermənistanın regionda yaranmış yeni vəziyyəti adekvat qiymətləndirmək və bundan yararlanmaq əvəzinə, yenə də öz ənənəvi yanaşmasından, keçmiş iddialarından əl çəkmək istəmədiyini bildirən M.Əhmədzadə bu fikirlərlərlə məqaləsinə davam edir: "Ermənistan nəhayət başa düşməlidir ki, biz 1990-cı illərdə yaşamırıq və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qarşı istənilən hərbi təhlükə və təxribata adekvat cavab vermək iqtidarındadır. Onu da başa düşməlidir ki, mövcud problemlər Azərbaycana qarşı hərbi təxribatlar törətməklə, yalanlarına bütün dünyanı inandırmağa cəhd etməklə yox, dialoq yolu ilə həll edilməlidi”.

Dünya birliyi Ermənistanın Azərbaycana qarşı revanşizm zəminində hərbi təxribatlarını davam etdirməsini pisləməli, bu ölkəni regionda vəziyyəti gərginləşdirməməyə, üçtərəfli bəyanatın icrasına mane olmamağa və qonşuları ilə problemlərini dialoq yolu ilə həll etməyə çağırmalıdır”.

Azərbaycan səfirinin “il Giornale” qəzetindəki məqaləsi “MSN”, “Agenzia Nova” kimi kütləvi infromasiya vasitələrinin də marağına səbəb olub və onlar tərəfindən də dərc olunub.

AzVision.az



Teqlər: İtaliya   Sülh  





Xəbər lenti