"Qazilərin sağlamlığı növbə gözləmədən dəyərləndirilir" - Agentlik sədri

   "Qazilərin sağlamlığı növbə gözləmədən dəyərləndirilir" -    Agentlik sədri
  19 Noyabr 2021    Oxunub:739
"Travması olan, lakin vəziyyəti əlilliyə uyğun gəlməyən qazilərə əlillik təyin edilmir. Bu zaman həmin qazilər narazı olur. Qazilərə əlillik təyinatı müştərək komissiya tərəfindən həyata keçirilir".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib. O bildirib ki, komissiyaya agentliklə yanaşı, İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri daxildir:

“Bu komissiya obyektiv şəkildə qərar qəbul edir. Nazirlər Kabinetinin qərarının müvafiq meyarına görə, travma, orqanizm funksiyanın pozulması uyğundursa, bu zaman vaxt itirmədən təyinat aparılır, haqqı çatan əlillik dərəcəsini almalıdır. Müəyyən hallarda qazilər əlillik dərəcəsindən narazı qalaraq müraciət edir. Onları yenidən hərbi komissiyaya dəvət edirik və komissiya qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə video müşahidə ilə yenidən əlilliyi qiymətləndirir”.

A.Bayramov qeyd edib ki, bu zaman həmin qazinin sağlamlıq vəziyyəti hansı qrupun meyarına uyğub gəlirsə, ona uyğun əlillik verilir:
“Bəzən əlillik təyinatından sonra həmin qazinin səhhətində hər hansı ağırlaşma olarsa, o, yenidən müraciət edə bilər. Bu zamanda ekspert komissiyası yenidən vəziyyəti dəyərləndirəcək, hansı qrupa haqqı çatırsa, o qrupla da təmin olunacaq. Elektron sistemdə müəyyən uyğunsuzluq ola bilər, çünki yalnız səhiyyə müəssisəsinin verdiyi sənəd əsasında qərar çıxarılır. Hərbi komissiyada müayinə isə əyani aparılır və burada səhv aparılma mümkün deyil. Qazilərə kifayət qədər həssaslıqla yanaşılır, heç bir növbədə gözləmədən sağlamlıq vəziyyəti dəyərləndirilir”.

AzVision.az



Teqlər: Qazi   Əlillik  





Xəbər lenti