Paşinyanın hərbi avantürada məqsədi nə idi? – Versiya

// Manevr edə bilmək üçün ona "kiçik məğlubiyyət" lazım olub

   Paşinyanın hərbi avantürada məqsədi nə idi? –    Versiya
  19 Noyabr 2021    Oxunub:1663
Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşma ilə bağlı ən qəribə məqam Ermənistanın hazırkı vəziyyətdə qeyd olunan ərazilərdə qoşun toplayıb, Azərbaycana hücuma keçmək qərarı verməsidir. İrəvan insidentin baş verməsində Azərbaycanı günahlandırsa da, fakt budur ki, toqquşma baş vermiş ərazilərdə Ermənistanın ordu qüvvələrini cəmlənməsi müşahidə olunub. Bu faktı erməni mətbuatı da təsdiq edir.
Doğurdanmı Paşinyan o qədər sadəlövhdür ki, belə bir hücum nəticəsində hansısa hərbi üstünlük əldə edəcəyinə inanır? Əgər belə deyilsə, onu uğursuzluğu əvvəlcədən məlum olan hərbi müdaxiləyə təhrik edən səbəb nədir? Demək, proseslərin arxasında hiyləgər siyasi oyunlar dayanır.

Toqquşma baş verməmişdən bir gün əvvəl, yəni noyabrın 15-də İrəvanda Təhlükəsizlik Şurasının toplantısı keçirildi və bu toplantıda Paşinyan elan etdi ki, güya Azərbaycan qoşunları Ermənistanın şərq hissəsindəki sərhəd zonasına daxil olaraq, dörd hərbi postu nəzarətə götürüb. Sonradan guya aparılmış danışıqlar nəticəsində Azərbaycan qoşunları həmin əraziləri tərk edib. Rəsmi Bakı Paşinyanın dediklərini təkzib edib.

Həmin iclasda Paşinyan baş vermiş hadisələri əsas gətirərək, müdafiə naziri Arşak Karapetyanı tutduğu vəzifədən çıxarıb, yerinə Suren Papikyanı təyin etdi. Karapetyanın peşakar hərbçi, Papikyanın isə mülki şəxs olduğunu nəzərə alsaq, ehtimal edə bilərik ki, bir neçə aydır təyin olunmuş müdafiə nazirinin istefaya göndərilməsinə əsas səbəb birincinin baş nazirin avantürist planını həyata keçirməkdən imtina etməsi olub.
Söhbət ondan gedir ki, Azərbaycanla toqquşma yaradıb, məğlubiyyətə uğrayaraq, itki vermək Paşinyana siyasi məqsədlər üçün lazım idi. Görünür, Karapetyan məğlubiyyət və çoxsaylı itkilərlə nəticələnəcək bu siyasi oyunun iştirakçısı olmaq istəməyib.


Paşinyan anlayır ki, 10 noyabr 2020-ci il Bəyanatının hər bir bəndini icra etməyə məcburdur, əks halda, daha böyük qurbanlar verməli olacaq. Ancaq Paşinyan Bəyanatın icrasını öz hakimiyyətini qurban vermək bahasına həyata keçirmək niyyətində olmadığı üçün alternativ yollar axtarmaq məcburiyyətindədir. Zəngəzur dəhlizinin açılması erməni ictimai rəyində satqınlıq kimi qiymətləndirilir. Seçkidən sonra parlamentdə yer almış Koçaryan və Sarqsyanın başçılıq etdiyi revanşist qüvvələr bu fikri daha da alovlandırmaqdadırlar. Paşinyanın ictimai dayaqlarının 44 günlük müharibədən sonra kifayət qədər laxladığını nəzərə alsaq, baş nazirin Zəngəzur dəhlizini açmaqla siyasi riskə getdiyini demək mümkündür.

Məhz bu səbəbdən, sərhəddə Ermənistanın itkilərlə üzləşəcəyi qısamüddətli hərbi əməliyyatların keçirilməsi lazım idi ki, Paşinyan Azərbaycanın təzyiq göstərdiyini, özünün isə itkilər verməmək üçün sülhə, yəni Zəngəzur dəhlizinin açılmasına razı olduğunu xalqa nümayiş etdirsin. Bu siyasi avantüranın hərbi tərəfini icra etmək üçün isə keçmiş tarix müəllimi Suren Papikyan ideal namizəd idi.

Rusiya dərhal bölgədə sabitliyin təmin olunmasını tələb etsə də, əslində regiondakı vəziyyəti köklü şəkildə dəyişməyəcək qısamüddətli insidentlərin baş verməsi və hər dəfə ermənilərin məğlub olması Kremlin maraqlarına cavab verir. Çünki belə vəziyyət Rusiyanın vasitəçi kimi əhəmiyyətini artırır və regiondakı sülhməramlılıq missiyasının vacibliyini qabardır.

Digər tərəfdən, Moskva hər dəfə ümid edir ki, Ermənistanın itikilər verərək məğlubiyyətə düçar olması nəhayət, ermənilərin Paşinyandan imtina etməsi ilə nəticələnək. Ancaq, hər növbəti məğlubiyyətdən sonra ermənilərdə Rusiyaya qarşı antipatiya daha da güclənir. Təbii ki, belə nəticənin hasil olmasında baş nazir Paşinyanın da fəaliyyəti təsirsiz ötüşmür.

Sərhəddə təxribat törədər-törətməz Paşinyan dərhal hərbi tərəfdaşı sayılan Rusiya və KTMT-dən kömək istəsə də, həmin köməyi ala bilmədi. Rusiyanın proseslərə hərbi müdaxilə etməməsinin bir çox səbəbləri var, ancaq bu səbəblərdən ən önəmlisi siyasi lider kimi Paşinyanı dəsləkləməməsidir. Bu faktı hər dəfə Kreml rəsmi telekanallarındakı təbliğati siyasi şoularında açıqlasa da, erməni ictimai rəyinə hələ çatdıra bilmir. Rusiyanın ermənilərin taleyinə biganəliyi Ermənistanda anti-Rusiya meyllərinin artmasına səbəb olur ki, bundan da alternativ qüvvə rolunda çıxış edən Paşinyan və onun siyasi komandası yararlanır.

Tofiq Vahid
AzVision.az



Teqlər: Ermənistan   Təxribat  





Xəbər lenti