İtirdiyimiz kitab

// Əslində o, özünə yox, bizə görə kədərlidir

      İtirdiyimiz kitab
  21 Noyabr 2021    Oxunub:2689
Peterburqda “İtirilmiş kitab” adlı heykəl qoyulub. Kitab qəmgin halda skamyada oturaraq, onu oxuyacaq insanı gözləyir. Heykəlin verdiyi mesaj budur ki, insanlar smartfonlara, sosial şəbəkələrə aludə olduqlarından, əsrlərdir bizim ən yaxşı dostumuz, həmsöhbətimiz, həmdərdimiz, sirdaşımız olan kitabları tərk ediblər. O, bizim üçün “itirilib”.
Amma doğrudanmı, itirilən odur? Bəlkə kitab tərk edildiyi üçün özünün yox, onu oxumayan insanların dərdini çəkir?! Axı köhnə dostunu itirən təkcə o deyil, həm də bizik. Sadəcə, biz yeni dosta aludə olduğumuzdan, hələ bunun acısını elə də güclü hiss etmirik. Fəqət vaxt gələcək, mütləq hiss edəcəyik...

Heykəlin qoyulduğu yerdə - 3 nömrəli nəşriyyatın həyətində,- 1863-cü ildə Nikolay Nekrasov Nikolay Çernışevskiyə məxsus “Nə etməli?” romanının əlyazmasını itirmişdi. Həmin sual o vaxt insanlar üçün aktual idi və kitabla müzakirə edilirdi. İndi isə kitabın özü üçün aktualdır, amma insanlar onu müzakirə etməkdən qaçırlar.


Heykəlin müəllifi, Repin adına İncəsənət Akademiyasının məzunu Veronika Bernard inanır ki, insanlar kitabın bu halına biganə qalmayacaqlar. O, məhz buna görə kitabı bir az multfilm personajlarına oxşadaraq, insanları ürəyindəki sarı simlərə toxunmağa çalışıb.

Çox istərdik ki, bu cür heykəllərdən Bakıda da peyda olsun. Bizim daha çox ehtiyacımız var...

V.M.
AzVision.az



Teqlər: Kitab  





Xəbər lenti