Gəncədə "sosial ev"lərin satışına başlanılır

   Gəncədə "sosial ev"lərin satışına başlanılır
  23 Noyabr 2021    Oxunub:578
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10 saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15 saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək.

Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 188 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 02.03.2020-ci il tarixli 29004, 17.12.2019-cu il tarixli 28607 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verib.

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

2 otaqlı mənzillərin qiyməti – 48 263 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 63 521 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

AzVision.az



Teqlər: Mənzil  





Xəbər lenti