Nizami Gəncəvi Beynəlxalq Forumuna həsr olunan brifinq keçirilib

Nizami Gəncəvi Beynəlxalq Forumuna həsr olunan brifinq keçirilib
  23 Noyabr 2021    Oxunub:872
Sabah Bakıda öz işinə başlayacaq Nizami Gəncəvi Beynəlxalq Forumu ilə bağlı media nümayəndələri üçün brifinq keçirilib.
AzVision.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Elnur Əliyev Forum çərçivəsində bir sıra tədbirlər keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, tədbirlərdə bir çox ölkələrdən nümayəndələr və nizamişunaslar iştirak edəcəklər: "Nizami Gəncəvinin dünyaya, ölkələrə təsirindən, ədəbi cərəyanın formalaşdırlmasına olan nüfuzundan danışacaqlar. Onun əsərlərində hələ də insanları heyrətləndirən cəhət humanizimdir. Gəncədə doğulan, yaşayan və oradan kənara çıxmayan şəxs əsərlərində insanlıq haqqında yazıb. Tədbirlərin digər məqsədi Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin formalaşmasındakı rolunu göstərməkdir".

Qeyd edək ki, noyabrın 24-26-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçiriləcək.

Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır. Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti