İsrailin müdafiə nazirinin xidmətçisi İrana casusluq edib - Detallar

 İsrailin müdafiə nazirinin xidmətçisi İrana casusluq edib -  Detallar
  23 Noyabr 2021    Oxunub:647
Məlum olduğu kimi, bir müddət əvvəl İsrailin müdafiə naziri Beni Qantsın evində təmizləyici işləyən şəxs İranın xeyirinə casusluqda şübhəli bilinərək həbs edilib. İsrail hakimiyyəti təmizləyicini İranla əlaqəli olan “Black Shadow” (Qara Kölgə) haker qrupuna casusluqda ittiham edib.
AzVision.az xəbər verir ki, İsrailin Ədliyyə Nazirliyinin dərc etdiyi ittiham aktına əsasən, noyabrın 4-də mərkəzi Lod Omri şəhərinin 37 yaşlı sakini Qoren Qoroxovski həbs edilib. Onun həbsinə dair orderdə böyük kriminal keçmişi olduğu göstərilir. Belə ki, həmin şəxs bank soyğunçuluğu da daxil olmaqla, müxtəlif cinayətlərə görə beş dəfə məhkumluq yaşayıb.

İsrail mətbuatı yazır ki, bütün bunlar onun ölkənin yüksək səviyyəli təhlükəsizlik məmurlarından birinin evində necə işə götürüldüyü sualını doğurur.

Daxili kəşfiyyat xidməti olan “Şin Bet” bəyan edib ki, Qoroxovski sosial media vasitəsilə Qantsın evindən müxtəlif əşyaların fotoşəkillərini, o cümlədən kompüterinin şəkillərini göndərməklə adı açıqlanmayan “İran təşkilatı” ilə əlaqə yaratmağa başlayıb. "Şin Bet"in məlumatında o da vurğulanıb ki, təmizləyicinin məxfi materiallarla girişi olmadığı üçün dövlət sirlərinə heç bir ziyan dəyməyib.

İddialara görə, Qoroxovski oktyabrın 31-də İsrail müdafiə nazirinin evindən məlumat ötürmək təklifi ilə Telegram vasitəsilə “Black Shadow” təşkilatı ilə əlaqə saxlayıb. Şübhəli şəxs uydurma addan istifadə edərək özünü Benni Qantsın evində işləyən adam kimi göstərib və hakerlərə müxtəlif yollarla yardım təklif edib.

İstintaqın versiyasına görə, Qoroxovski “Qara Kölgə”nin nümayəndəsinə deyib ki, pul mükafatı müqabilində yüksək rütbəli məmur haqqında məlumat əldə edəcək və USB cihazından istifadə edərək onun kompüterlərinə casus proqramları quraşdıracaq.

“Şin Bet” casusluq cəhdinin qarşısının tez alındığını və Qoroxovskinin hakerlərlə əlaqə saxladıqdan bir neçə gün sonra həbs edildiyini açıqlayıb.

Dindirmə zamanı Qoroxovski motivlərini izah edib, “Qara Kölgə” nümayəndəsi ilə söhbəti ətraflı təsvir edib. İstintaq Qantsın bilgisi ilə “Şin Bet”in beynəlxalq cinayətlər idarəsi və “Lahav 433” tərəfindən aparılıb.

Mövzunu şərh edən “Şin Bet”in keçmiş agenti Qonen Ben İshak İsrail mətbuatına bildirib ki, müdafiə nazirinin evində işləməyə başlamazdan əvvəl heç kim təmizləyicini yoxlamayıb: "Adam öz şirkətində işləyirdi, ona görə də heç kim onun, xüsusən də əvvəllər bank soyğunçuluğuna görə məhkum olunduğunu fərq etməyib".

“Dini sionizm” Partiyasından olan müxalifətçi deputat İtamar Ben-Qvir "Yeş Atid"in deputatı Ram Ben Barakın rəhbərlik etdiyi Knessetin Xarici əlaqələr və müdafiə komitəsini Qoroxovskinin Qantsın evində işləməsinə imkan verən vəziyyəti müzakirə etmək üçün təcili iclas çağırmağı təklif edib.

Xatırladaq ki, "Black Shadow" hakerləri İsrailin mülki strukturlarına bir neçə dəfə kiberhücumlar həyata keçirib. Qrup "LGBT icması Atraf üçün tanışlıq saytından məlumatları dərc edib, həmçinin “Shirbit” sığorta şirkəti və "Pegasus" turist agentliyinin on minlərlə müştərisi haqqında məlumatları açıqlayıb.

Bununla belə, Benni Qants da ilk dəfə deyil hakerlərin hədəfinə çevrilir. Belə ki, 2019-cu il seçki kampaniyası zamanı "Şin Bet" siyasətçiyə xəbərdarlıq edib ki, İran kəşfiyyatı onun mobil telefonunu sındırıb, şəxsi məlumatları və əlaqələri İsrailə düşmən olan şəxslərə ötürüb. Bununla belə, mobil cihazda heç bir məxfi məlumatın olmadığı iddia edilirdi.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: İsrail   İran   casus  





Xəbər lenti