Lyuk Kofi: "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə ehtiyac var"

      Lyuk Kofi:    "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə ehtiyac var"
  24 Noyabr 2021    Oxunub:663
İngilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində Daqlas və Sara Elison Xarici Siyasət və İrs Fondunun direktoru Lyuk Kofinin “Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhə ehtiyac var” sərlövhəli analitik məqaləsi dərc edilib.
AzVision.az xəbər verir ki, məqalədə 44 günlük müharibənin başa çatmasının ildönümündən bir həftə sonra regionda yaranmış vəziyyət təhlil edilib. Müəllif vurğulayıb ki, müharibə zamanı Azərbaycan ərazilərini Ermənistanın işğalından azad edib, bölgədə atəşkəsə nail olunub. Lakin son vaxtlar sərhəddə baş verən hadisələr göstərdi ki, dayanıqlı sülhə ehtiyac var. Sərhədlərin demarkasiyasının mühüm məsələ olduğunu diqqətə çatdıran politoloq qeyd edir ki, regionda rus qoşunlarının mövcudluğu zəif Ermənistan üçün əlverişlidir.

L.Kofi yazır: “Ötən il baş vermiş müharibədən bəri Ermənistan israrla Rusiyanı öz tərəfində müharibəyə cəlb etmək istəyirdi. Lakin ermənilərin əksəriyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının neytral mövqeyindən məyus olublar. Azərbaycandan fərqli olaraq, Ermənistan həmin təşkilatın üzvüdür. Amma rəsmi Yerevanın təzyiqinə baxmayaraq, KTMT müharibəyə müdaxilə etmədi, çünki döyüşlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində gedirdi. Təşkilat bildirdi ki, bu məsələdə Ermənistana yardım etmək öhdəliyi yoxdur”.

Politoloq qeyd edib ki, hazırda Azərbaycanın Ermənistanla müharibə aparmaq niyyəti yoxdur. Çünki rəsmi Bakı ötən il müharibə nəticəsində məqsədlərinə nail olub və əraziləri işğaldan azad edib. İndi onun əsas diqqəti azad olunmuş ərazilərdə yenidənqurma işlərinə yönəlib. Bu, həm də beynəlxalq sərmayələrin regiona cəlb olunmasını ehtiva edir. Aydındır ki, gərginliyin artması bu işləri ləngidə bilər.

Zəngəzur dəhlizinin də əhəmiyyətindən bəhs edən L.Kofi diqqətə çatdırıb ki, Naxçıvanla quru yolunun olmaması uzun müddət Bakını narahat edib. “Dondurulmuş” münaqişə illərində Ermənistan Azərbaycanın bu eksklavını blokadada saxlayıb, hətta öz ərazisindən hava məkanını da bağlayıb. Lakin 44 günlük müharibədən sonra imzalanan Bəyanat nəqliyyat dəhlizlərinin açılmasını da nəzərdə tutur. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməlidir.

Məqalənin sonunda Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyətə səylərini artırmaqla bağlı çağırış yer alıb.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti