Günəş sisteminin yeni tapmacası: “9-cu planet” haradadır?

   Günəş sisteminin yeni tapmacası:    “9-cu planet” haradadır?
  24 Noyabr 2021    Oxunub:6555
Hazırda Günəş sistemində 8 planet var. Lakin bir müddət əvvəl alimlər sirli “9-cu planet”in mövcudluğu barədə fərziyyə irəli sürüblər. Ehtimal edilir ki, bu planet Günəş sisteminin ucqarlarında olduğundan, biz onu birbaşa müşahidə edə bilmirik.
Astronomlar iddia edirlər ki, “9-cu planet”in təxmini yerini riyazi yolla hesablamaq mümkündür. Yada salaq ki, vaxtilə Neptun da məhz bu cür – “qələmin ucunda” kəşf olunmuşdu. Urana qravitasiya təsiri göstərən naməlum planetin yerini Con Kouç Adams və Urben Leverye bir-birindən xəbərsiz hesablamışdılar. Və Neptun deyilən vaxtda deyilən yerdə tapılmışdı.

Amma problem ondadır ki, mübhəm “9-cu planet”in Günəş sisteminin digər planetlərinə qravitasiya təsiri hiss olunmur. Fəqət başqa bir tapmaca var.


Günəş sisteminin kənar hissəsində buzlu cisimlərdən ibarət “Koyper qurşağı” mövcuddur. Planetlərin olmadığı bir fəzada həmin qurşaqdakı obyektlər Günəş sisteminin orbital müstəvisində xaotik paylanmalı idilər. Lakin bunun əvəzinə, aşkar şəkildə qruplaşdıqları müşahidə edilir. Bu qruplaşmanın təsadüfən baş verməsi ehtimalı çox aşağıdır.

2016-cı ildə alimlər hesablamışdılar ki, Koyper qurşağındakı cisimlərin bu şəkildə qruplaşması üçün Yerin kütləsinin 5 mislinə bərabər bir planetin təsiri tələb olunur. Həmin planet Yerdən Neptuna qədər olan məsafədən 10 dəfə uzaqda yerləşməlidir. Lakin o zaman sirli planetin axtarışları heç bir nəticə vermədi.

Yeni araşdırmalarda astronomlar bəzi dəqiqləşdirmələr aparıblar. Onların hesablamalarına görə, Koyper qurşağındakı cisimlərin təsadüfən indiki kimi qruplaşma ehtimalı 0,4%-dir. Yəni 99,6% ehtimalla onlara hansısa böyük göy cismi qravitasiya təsiri göstərir. Buna əsaslanan elm adamları “9-cu planet”in mümkün orbitini yenidən hesablayıblar.


Problem ondadır ki, Günəş sisteminin ucqarlarında olan planeti Yerdən teleskopla müşahidə etmək son dərəcə çətindir. Amma astronomlar ümid edirlər ki, yeni nəsil teleskoplar buna imkan verəcək və sirli “9-cu planet” nəhayət ki, tapılacaq.

Samir Quliyev
AzVision.az



Teqlər: 9-cuplanet   Astronomiya  





Xəbər lenti