Lukaşenko sərhəddə: "Miqrantların Qərbə getməsinə mane olmayacağıq"

 Lukaşenko sərhəddə:  "Miqrantların Qərbə getməsinə mane olmayacağıq"
  26 Noyabr 2021    Oxunub:1172
Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəd yaxınlığındakı Bruzqi keçid məntəqəsindəki nəqliyyat-logistika mərkəzində olub.
AzVision.az xəbər verir ki, burada Lukaşenko mərkəzdəki qaçqın düşərgəsinə baş çəkib.

Belarus prezidenti burada çıxışı zamanı Polşa rəhbərliyindən qaçqınların Almaniyaya daxil olmasına icazə verilməsi xahiş edib. Onun sözlərinə görə, o zaman sərhəddəki böhranı həll etmək mümkün olacaq.

Lukaşenko Belarus-Polşa sərhədindəki qaçqınları əmin edib ki, ölkə hakimiyyəti onların problemlərini siyasiləşdirməyəcək: "Heç bir halda biz sizin (qaçqınlar – Red.) taleyinizlə oynayıb, onun üzərindən siyasət aparmayacağıq. Belarus miqrantların Almaniyaya keçməsi üçün humanitar dəhliz yaratmaq naminə Polşa ilə gərginliyə getməyəcək. Biz sizin üçün nə edə bilərik? Başa düşürsünüz ki, sizin üçün Polşadan Almaniyaya dəhliz açmaq üçün müharibəyə başlaya bilmərik.
Onlar tərəfə getdiyiniz üçün necə reaksiya verdiklərini gördünüz. Üstünüzə kimyəvi mayelər tökdülər, səs-küylü qumbaralardan, gözyaşardıcı qazlardan istifadə etdilər. Sərhədin digər tərəfindəkilər ağıllarını itiriblər".

Onun sözlərinə görə, Belarus hakimiyyəti qaçqınları zorla qovmayacaq: "Heç bir halda sizi saxlamayacağıq, təyyarələrə mindirməyəcəyik və istəməsəniz evinizə göndərməyəcəyik".

Lukaşenko əlavə edib ki, indiyədək 1000-ə yaxın miqrant Belarusu tərk edib: "Belarus hakimiyyəti miqrantların Qərbə doğru irəliləməsinə mane olmayacaq.
Hazırda ölkə ərazisində 2-3 minə yaxın qaçqın var. Amma bu, təxmini rəqəmdir. Son 24 saat ərzində Polşa təhlükəsizlik qüvvələri 400-ə yaxın qaçqını sərhədə sıxışdırmağa cəhd edib".

Belarus lideri söyləyib ki, qaçqın problemi indi həll olunmasa, qış və yaz aylarında böhran daha da güclənəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Aleksandr-Lukaşenko  





Xəbər lenti