Koronavirusa yoluxmuş ana körpəyə süd verə bilməz

   Koronavirusa yoluxmuş ana körpəyə süd verə bilməz
  26 Noyabr 2021    Oxunub :219
Hamilə qadınlar yeməyini düzgün seçməlidir. Meyvə və tərəvəzə üstünlük verməlidir, düzgün qidalanma rejiminə riayət etməlidirlər. Hamilə qadın əgər işləyirsə, onun işdən və evdən başqa insanların kütləvi toplaşma yerində olması düzgün deyil.
AzVision.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib. O bildirib ki, koronavirus doğuşa dolayı yolla təsir edir:
“Qanı durulaşdıran dərmanlar qəbul etdiyinə görə belə qadınlarda doğuş həkim üçün çətindir. Xəstə ağır vəziyyətdə olarsa, normal doğuş mümkün olmur. Hamiləliyin 3-cü ayından sonra qadınların vaksinasiyadan keçmələri tövsiyə olunur. Bu, hamilə qadını COVID-19-dan qoruyur. Yaxşısı budur, qadınlar hamiləliyi planlaşdırsın. Plansız şəkildə hamilə qalmaq doğru deyil. Çünki həmin qadınlar koronavirusa yoluxduqda hamiləliyi necə keçirəcəklərini bilmirik. Hamilə qadınlarda yoxlamalar zamanı KT-dənsə rentgen müayinəsinə üstünlük verilir”.

Həkim qeyd edib ki, körpələrin ana bətnində koronavirusa yoluxmalarını yoxlamaq mümkün olmur: “Doğuşdan sonra uşaqlar testdən keçirilir. Bəzən doğuşdan 10 gün sonra qadın və uşaq da koronavirusa yoluxa bilir”.

T.Həsənova bildirib ki, koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz:
“Çünki anayla uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maskayla belə süd verməsi məsləhət deyil”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Koronavirus   Hamiləlik  







Xəbər lenti