"55 ildir ki, kirayədə yaşayırıq" - Xərçəngə yoluxan aktyorun xanımı

   "55 ildir ki, kirayədə yaşayırıq" -    Xərçəngə yoluxan aktyorun xanımı
  26 Noyabr 2021    Oxunub:841
Xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal əməliyyat olunub. Əməkdar artistin vəziyyəti yaxşı deyil. Bu haqda AzVision.az -a onun xanımı Zərqələm Əliyeva deyib. O bildirib ki, həyat yoldaşı hazırda xəstəxanadadır.
“Uzun müddət idi ki, Novruz köpdüyünü, özünü pis hiss etdiyini deyirdi. Düşünürdü ki, bağırsaqlarına soyuq olub. Ancaq birdən halı lap pisləşdi, qaytardı. Belə olan halda onu xəstəxanaya apardıq. Orada məlum oldu ki, xərçəng yoldaşımın ciyərlərinə, bağırsaqlarına yayılıb. Qara ciyərinə su yığılır və ləkə var. Həkimlər bildirdi ki, o, təcili əməliyyat olunmalıdır.
Ayın 23-ü axşam saat 5- də bağırsaqlarından əməliyyat olundu. Indi çox halsızdır və danışa bilmir. Ağrıları var. Üstəlik də şəkərdən əziyyət çəkir. Həkimlər deyir ki, aparın, orqanizmi nə qədər tab gətirsə, o qədər də yaşayacaq. Bu müddət 15 gün də ola bilər, 3 aya da çəkər”.

Aktyorun xanımı maddi durumlarının pis olduğunu dilə gətirib. O, bildirib ki, kirayədə yaşayırlar və müalicə xərclərini ödəməyə imkanları çatmır.

“Heç yerdən də köməyimiz yoxdur. Xəstəxana xərclərini ödəməyə imkanımız çatmır. Maraqlanan da yoxdur ki, ömrünün 55 ilini sənətə verən insan niyə kirayədə yaşayır? Ümumiyyətlə, necə dolanır. Bu yaşında insan “Əməkdar artist” adı ilə qalıb. İndi onun “Xalq artisti” adı olmalı və prezident mükafatı almalı idi. Başını soxacaq bir evi də yoxdur. İş yoldaşlarının hamısı bilir ki, bu adam 55 ildir ki, kirayədə yaşayır.

Üç övladımız var. Qızımız ailəlidir. Balaca oğlum isə xəstədir. Böyük oğlum evlidir və bizimlə birgə kirayədə yaşayır. İşsizdir deyə ailəyə dəstək ola bilmir”.

Şahanə Rəhimli
AzVision.az




Teqlər: Aktyor   Novruz-Qartal  





Xəbər lenti