“Bəs Qarabağda nə vaxt oxuyaq?” – Xalq artistləri AzTV-nin layihəsi barədə

“Bəs Qarabağda nə vaxt oxuyaq?” –    Xalq artistləri AzTV-nin layihəsi barədə
  26 Noyabr 2021    Oxunub:413
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb. Xalq artisti Mənsum İbrahimov “Oxuyur Vətən” layihəsinin Füzuliyə həsr olunmuş buraxılışında ifaçılardan biri olub. O, Füzulidən əvvəl Ağdamda səfərdə olub. İşğaldan azad olunmuş torpaqlardakı vəziyyətdən agah olan sənətçi bunu bütün dünyanın görməli olduğuna diqqət çəkib:
- Mən Ağdama xaricdən gələn qonaqlarla birlikdə getmişdik. Ağdam Dövlət Dram Teatrının dağılmış binasının qarşısında musiqi ifa etdim. Onlar mənim həmin yerdə hansı hisslərlə oxuduğumu başa düşə bilmirdilər. Amma mənim üçün ora dünyanın ən gözəl yeri idi. Ağdamda azan səsləndirdim, muğam oxudum. Çünki biz əzəli torpaqlarımıza qayıtmışıq, orada musiqimizi də ifa etməliyik. Sənət adamı olaraq həmin yerlərdə düşmənin törətdiyini musiqinin dili ilə dünyaya göstərməliyik. Bu da televiziya, internet resurları vasitəsilə mümkündür.

Xalq artisti Mələkxanım Əyyubova isə “Oxuyur Vətən” layihəsinin Xudafərində çəkilmiş buraxılışında musiqi ifa edib. Sənətçi deyir ki, 30 il sonra arzusuna çatıb və musiqisini Qarabağda səsləndirib: “30 il həsrətini çəkdik. Dedik ki, o gün olsun, Qarabağda oxuyaq, bayramlarımızı Qarabağda qeyd edək. İndi arzumuza çatmışıq, getməyək? Nə vaxt gedək, bəs orada nə vaxt oxuyaq? Biz orada gözüyaşlı oxuyuruq. Kənarda durub baxmalı deyilik ki... Azərbaycanın 10 milyondan çox əhalisi var, təbii ki, indi hamı ora gedə bilmir. Çünki ərazilər minalıdır. Biz də layihə əsasında getmişik. Biz gedə biliriksə, oradan görüntüləri dünyaya göstərməliyik ki, düşmən necə dağıdıb.

Xalq artisti Ramiz Quliyev isə “Oxuyur Vətən” layihəsinin Ağdama həsr olunmuş buraxılışında ifa edib. O, AzTV-nin efirə verdiyi məhsullara xüsusi diqqət etdiyini vurğulayıb: “Mən bilirəm ki, AzTV efirində səsləndirdiyi musiqiləri də həssaslıqla seçir. Bu kanalın efirində bayağı mahnı ola bilməz. Çünki seçib efirə verirlər. “Oxuyur Vətən” layihəsində də mahnılar peşəkar formada sənətkarlar tərəfindən ifa olunur. Biz mədəniyyət xadimləri olaraq torpaqlarımızı TV, radio vasitəsilə musiqi dili ilə təbliğ edirik, oradakı dağıntıları dünyaya belə göstəririk”.

Xatırladaq ki, Vətən müharibəsinin ildönümü ilə bağlı Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi layihələrdən biri də “Oxuyur Vətən”dir. Layihənin hər buraxılışı işğaldan azad olunmuş bir rayonda, şəhərdə, kənddə çəkilir və düşmənin həmin ərazilərdə daşı daş üstündə qoymadığını, tarixi abidələri viran qoyduğunu musiqi dili ilə dünyaya nümayiş etdirir.

Teqlər: Oxuyur-vətən   AzTV  







Xəbər lenti