Azərbaycan Soçidə istədiyinə nail oldu – Azay Quliyev

Azərbaycan Soçidə istədiyinə nail oldu –    Azay Quliyev
  27 Noyabr 2021    Oxunub:380
“Noyabrın 26-da Azərbaycanın Prezidenti cənab İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına və strateji məqsədlərinə tam uyğundur”. Ermənistan isə sərgilədiyi ənənəvi pozucu və inkarçı ritorikaya baxmayaraq, təşviq etdiyi heç bir tezisi bəyanatın mətninə daxil edə bilmədi.
Bu fikirlər millət vəkili Azay Quliyevə məxsusdur. Onun sözlərinə görə, bir səhifəlik bəyanatda Azərbaycan bu mərhələ üçün istədiyinə tam nail ola bilib:

- Birinci, bizə uyğun şərtlər daxilində Ermənistanla sərhədlərimizin delimitasiyası və sonradan demarkasiyası üçün Ermənistan və Rusiyanın birinci şəxsləri səviyyəsində yazılı razılıq əldə etdik. Bu prosesin tezliklə başlanmsı üçün qısa müddətdə effektiv mexanizmlər hazırlanacaq və bu işə tezliklə start veriləcək. Birmənalı şəkildə qeyd etmək olar ki, əgər noyabrın 16-da sərhəddə törətdiyi təxribata cavab olaraq Ermənistan Azərbaycan tərəfindən ağır şəkildə cəzalandırılmasaydı, 10 gün sonra Paşinyan Soçidə delimitasiya prosesinə razlıq verməyə məcbur olmayacaqdı. İndi bu proses qaçılmaz xarakter aldığından, nəticəni proqnozlaşdırmaq mümkündür.

Dövlətimizn sərhədlərinin toxunulmazlığı prinsipi beynəlxalq ictimaiyyət tərəfindən tanındığından və şərtlərin yalnız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən irəli sürüldüyündən, əminəm ki, delimitasiya prosesinin nəticəsində Azərbaycan tarixi sərhədlərinin Ermənistan tərəfindən tanınmasına nail olacaqdır ki, bu da sonuç etibarilə ərazi bütövlüyümüzün tanınmasına gətirib çıxaracaq. Bildiyimiz kimi, beynəlxalq hüquqa, xüsusilə, Helsinki yekun aktına əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipi ilə ərazi bütövlüyü və suverenliyi prinsipləri bir-birini tamamlayan prinsiplərdir və bunların hər üçü bütün beynəlxalq sənədlərdə bir yerdə qeyd olunur. Bu da o deməkdir ki, Ermənistan sərhədlərimizi tanıdıqdan sonra ərazi bütövlüyümüzü və suverenliyimizi tanımağa və beləliklə, bizim təklif etdiyimiz hər üç prinsip əsasında yekun sülh sazışını imzalamağa məcbur olacaq.

İkincisi, bəyanatda Ermənistanın yerli və beynəlxalq tribunalrda səsləndirdiyi heç bir tezis - nə Dağlıq Qarabağ, nə status, nə münaqişə, nə “hərbi əsirlər”, nə də onların sevimlisi olan ATƏT-in Minsk qrupu və ya Minsk üçlüyü haqqında heç nə yoxdur. Bu isə o deməkdir ki, Ermənistanın Baş naziri bundan sonra iki ölkə arasında davamlı sülhün, barışın və təhlükəsizliyin təminatı prosesində yuxarıda qeyd olunan amillərin yer almayacağını qəbul edir və onların Azərbaycan tərəfindən qəti olaraq rədd edilməsi reallığını və bu səbəbdən bəyanatın mətninə daxil edilməməsini imzası ilə təsdiqləyir.

Üçüncüsü, bəyanatda bir daha Ermənistanın ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında bütün növ kommunikasiya xəttlərinin, dəmir və avtomobil yollarının açılmasının vacibliyi qeyd olunur və bu məqsədlə əlavə tədbirlərin görülməsi razılaşdırılır. Bu isə Paşinyan hökumətinin ictimai rəyi aldatmğa və rəqiblərini sakitləşdirməyə hesablanmış təbilağatına baxmayaraq, Zəngəzur dəhlizinin açılmasının növbəti dəfə təsdiqləyir.

Bütün bunlar bir daha onu göstərir ki, 26 noyabr Soçi bəyanatı Azərbaycanın diqtəsi və razılığı ilə hazırlanmış sənəddir və bu sənədin mahiyyəti və ruhu milli maraqlarımıza və strateji hədəflərimizə tam cavab verir. Bu da, heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin növbəti siyasi və diplomatik qələbəsidir.

Teqlər: Soçi-görüşü  







Xəbər lenti