Ermənistanda “3+3” ziddiyyəti: Fikirlər haçalanır

// Formatın xeyirli, yoxsa ziyanlı olması haqda ortaq fikrə gələ bilmirlər

 Ermənistanda “3+3” ziddiyyəti:  Fikirlər haçalanır
  23 Dekabr 2021    Oxunub:1928
Bir qədər əvvəl Moskvada regional münaqişə və mübahisələrin müzakirəsi üçün beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistanın xarici işlər nazirləri müavinlərinin görüşü keçirildi. Bakı və Ankaranın irəli sürdüyü 3+3 formatı və ya Azərbaycanın, Erçmənistanın, Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirak edəcəyi 6-lı platformanın görüşünə Gürcüstan gəlmədi.
Ermənistanın da bu regional təşəbbüsə qatılmaqla bağlı tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar versə də, qərb qonşumuz danışıqlarda iştirak etdi. Danışıqlardan sonra, dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması üçün qarşılıqlı özəl təmsilçilər təyin edəcəklərini bildirdi və “Hər addımda Azərbaycanla birgə hərəkət edəcəyik”,- deyə vurğuladı.

Məhz bu bəyanatdan sonra Ermənistanın Cənubi Qafqazda “3+3” formatında regional əməkdaşlıq platformasına qoşulmasının məqsədəuyğun olub-olmaması ilə bağlı erməni politoloqlar müxtəlif fikirlər səsləndirməyə başlayıblar. Gürcüstanın danışıqlarda iştirak etməməsi onlarda ziddiyyətli fikirlər yaradıb.

Erməni türkoloq Ruben Safrastyan deyir ki, Ermənistan üçtərəfli danışıqların tərəfdarıdır, yəni vasitəçi qismində yalnız Rusiyanın çıxış etməsini istəyir: “Amma danışıqlara Türkiyə də qoşulub. Türkiyə bizim düşmənimiz, Azərbaycanın “böyük qardaşıdır”. Deməli, bu danışıqlar Ermənistana müsbət heç nə verməyəcək və əksinə, ölkəmizə qarşı təzyiqlər artacaq. O ki qaldı Irana, Tehran bu məsələyə bir qədər passiv yanaşacaq”.

Safrastyanın fikrincə “3+3” platforması Ermənistan üçün Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli danışıqlarından və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan əlverişsizdir.

Politoloq Qarik Keryan isə, əksinə, hesab edir ki, Ermənistan regional təcriddən çıxmaq və qonşu dövlətlərlə, o cümlədən Türkiyə və Azərbaycanla birgə yaşamaq yolunu tapmaq üçün danışıqlara davam etməlidir.

Qeyd edək ki, mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüş və müzakirələrin azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulub. Danışıqlar Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək.

Səbinə Həsənova
AzVision.az


Teqlər: #3+3   #Ermənistan  





Xəbər lenti