"Çin artıq təkcə iqtisadi güc olmaq istəmir" – Dr. Ali Semin (müsahibə)

   "Çin artıq təkcə iqtisadi güc olmaq istəmir" –    Dr. Ali Semin (müsahibə)
  17 Dekabr 2021    Oxunub:4197
Avropa Birliyi ilə Çinin arasındakı coğrafiyada maraqlı proseslər baş verir. Bir tərəfdən, ərazidə yerləşən türk dövlətlərinin münasibətləri dərinləşərək, yeni mərhələyə keçir. Digər tərəfdən, Çinin siyasətində maraqlı transformasiya müşahidə edirik: “Əjdaha” artıq təkcə iqtisadi güc kimi qalmayaraq, qlobal siyasətə addımlayır, digər regionlardakı problemlərə müdaxilə edir. Pakistanın da qoşulduğu Azərbaycan-Türkiyə qardaşlığı vacib nüvəyə çevrilməyə başlayır.
Belə vəziyyətdə proseslərin yaxın gələcəkdəki inkişaf istiqamətləri kifayət qədər maraqlıdır. Türkiyənin Yaxın Şərq, Avrasiya və Asiya-Sakit Okean Araşdırmaları Platformasının (ODAP) direktoru Dr. Ali Semin baxışlarını AzVision.az -ın oxucuları ilə bölüşür.

- Türkiyənin Orta Asiya, Pakistan və Çinlə nəqliyyat, logistika istiqamətində hansı addımlar atması gözlənilir?
- Əsas istiqamət “İpək yolu”dur. 2013-cü ildən bu yana Türkiyə Çinin “İpək yolu” layihəsinə qoşulmaq üçün hazırlıqlar görürdü. Bu istiqamətdə Pakistan da Türkiyə üçün əhəmiyyətlidir. Türkiyə Əfqanistan barədə atılacaq addımları da Pakistanla məsləhətləşir.
Xatırlayırsınızsa, ABŞ prezidenti Cozef Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüş zamanı Türkiyənin təkliflərindən biri də Pakistan və Macarıstanla birgə Kabil hava limanının təhlükəsizliyini təmin etmək idi. Bu da Türkiyənin Pakistanla sıx münasibətindən xəbər verir.
“Dünyanın üçüncü-dördüncü gücünə çevrilə bilərik” – Hasan Oktay (müsahibə)
Çin ilə Türkiyə arasında həm ticarət, həm də siyasi sferada olduqca yüksək əlaqələr mövcuddur. İki dövlət arasındakı yeganə problem Uyğur türkləri məsələsidir. Bu mövzu iqtisadi sahədə özünü qətiyyən göstərmir. Rəcəb Tayyib Ərdoğan BMT-nin kürsüsündən bir neçə dəfə Uyğur türklərinin problemlərinə toxunsa da, bunu Çinlə münasibətləri pozmadan edib.
Ancaq son zamanlar Çinin regionda varlığını göstərmək məqsədilə bəzi addımları Türkiyəni narahat etməyə başlayıb. Misal kimi, Pekinin YPG/PKK-yə dəstək verməsini, Suriya siyasətimizə qarşı baxışlarını göstərmək olar. Görünən odur ki, Çin artıq əvvəlki kimi sadəcə iqtisadi sferada qalmayaraq, digər bölgələrdə siyasi gücünü də göstərmək qərarına gəlib. Axı qlobal güc olmaq üçün həm də digər bölgələrdəki problemlərə müdaxilə etmək lazımdır. Əvəllər Çin özünü hər zaman iqtisadi güc kimi göstərirdi. Ancaq son altı aydır, siyasi sahədə də varlığını göstərməyə çalışır.

- Bu, nə ilə bağlıdır?
- Səbəblərdən biri Tayvan məsələsi və Güney Çin dənizindəki problemlərdir. Amerika və digər güclərin Çinin daxili problemlərinə müdaxilə etmək cəhdləri Pekini özünün siyasi arenada da global güc olduğunu göstərməyə məcbur edib. Bu səbəbdən Çinin BMT-dəki daimi nümayəndəsinin köməkçisinin açıqlamalarında tez-tez Türkiyəni Suriya siyasəti və PKK/YPG məsələsində insan hüquqlarını pozmaqda günahlandırır. Buna da Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu tərəfindən layiqli cavab verilmişdi: “Sizdən dərs alası deyilik”.
Bu proseslər son zamanlar rəsmi Pekinin strategiyasının dəyişdiyini deməyə əsas verir. Ancaq bütün bunlar Çin və Türkiyə arasında iqtisadi sahəyə təsir etməyəcək. Ölkələr arasında bunun kimi problemlər olur.


- Bəs Pakistan?
- Pakistanda isə vəziyyət biraz fərqlidir. Pakistan Hindistandan başqa bütün ölkələrlə əlaqələrini gücləndirməyə çalışır. Həm Türkiyə, həm Amerika, həm Rusiya kimi ölkələrlə münasibətlərini maksimum səviyyəyə çatdırmaq istəyir. Bunların da başında təbii ki, Çin var.

- Logistika əlaqələrinin inkişafı necə gedir?
- Dünyadakı ticarət anlayışı dəyişir. Artıq “ən qısa yol, ən az maliyyə” formatında işləməyə başlayıblar. Logistika sahəsində də belədir. Türkiyə üçün “İpək yolu” Pakistandan da keçə bilər, başqa ölkələrdən də. Maksimum ucuz başa gələcək istiqamət seçilir. “İpək yolu” layihəsində iki ölkə arasındakı iqtisadi işbirliyinə Çinin müəyyən mənada yardım edəcəyini düşünürəm.

- Logistika sahəsindəki planlarda qonşu və dost ölkələrin payı necədir?
- Türk Dövlətləri Təşkilatının yaradılması bu baxımdan çox vacib hadisə idi. Bu təşkilat Türk dünyasının birliyi mənasını verir. Türkiyə bunun xəyalını illərdir qururdu. Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra yaranmış mənzərə göstərdi ki, Türkiyə kimin yanında durursa, həmin ölkə güclü olur. Türkiyə-Azərbaycan ortaq strategiyası bunu təsdiqlədi.
Digər Türk dövlətləri də güclənmək istəyirlər. Türkiyə-Azərbaycan qardaşlığı, işbirliyi digər bütün türk dövlətlərinə nümunəyə çevrilə bilər, çevrilir də. Bu təşkilatın əsas məqsədi türk birliyidir. Necə ki, ərəblərin, avropalıların birliyi var, eləcə də, türklərin birliyi olmalıdır. Bu, həm də iqtisadi sferada özünü göstərməlidir. Qardaş ölkələr kimi qarşılıqlı mənafelər istiqamətində gedilməli, iki tərəf də qazanc əldə etməlidir. Təşkilata daxil ölkələr birlikdə hərəkət etməlidirlər. Məsələn, sərfəli ticarəti başqa ölkə ilə etmək əvəzinə bir-birlərilə etsinlər. Türkiyə təbii qazı niyə Rusiyadan alsın? Türk dövlətləri təbii sərvətlərlə zəngin ölkələrdir. Amma bu zaman logistika məsələsi ortaya çıxır. Əlbəttə ki, bunun üçün kəmərlər, yollar lazımdır.
Əsas odur ki, dəyirman dönməyə başlayıb. Sərmayələrə baxanda, trilyonlardan söhbət getdiyini görürük. Bu pul niyə kənarda qalsın? Əlbəttə ki, bunlar zaman tələb edir. Bu zamana qədər də bir çox layihələr icra olunub. Onlardan biri də vahid valyutanın tətbiqi məsələsidir. Təbii ki, bütün bunlar bəzilərini narahat edəcək. Daha doğrusu, artıq etdiyini görürük. Əlbəttə ki, Türkiyə başda olmaqla Türk dünyasının qarşısına maneələr çıxaracaqlar. Amma birlikdə bunların öhdəsindən gəlmək mümkündür.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər:   Çin   Türkiyə   Orta-Asiya  





Xəbər lenti