Amerika zindanları - Murad Köhnəqalanın yazısı

// Planetdəki bütün dustaqların dörddə biri ABŞ-dadır

 Amerika zindanları -  Murad Köhnəqalanın yazısı
  21 Dekabr 2021    Oxunub:1797
Dünya yanvarın 6-da Vaşinqtonda baş verənləri artıq unudub, lakin ştatlarda bu hələ də aktual mövzudur. Məsələ burasındadır ki, “Kapitoliyə hücum” adlı aksiyada iştirak edən yüzlərlə insan həbsxanada oturmaqda davam edir. Vəziyyət o yerdədir ki, ən loyal media da etirazçıları “siyasi məhbus” adlandırmaqdan çəkinmir.
Bu yaxınlarda konqresmen Marjori Teylor Qrin, nəhayət, Vaşinqton həbsxanasındakı məhbuslara baş çəkmək üçün icazə alıb. M.Teylor bu görüş üçün aylarla mübarizə aparıb. Dediyinə görə türmədə gördükləri onu şoka salıb: "Dustaqların şəraiti dəhşətlidir. Tualetə giriləsi deyil, kameralar nəmişlik və kif qoxuyur. Siyasi məhbuslar digər məhbuslardan ayrıca təkadamlıq kameralarda saxlanılır. Bu dustaqlara öz hücrələrindən çıxıb gəzinmək üçün gündə yalnız iki saat icazə verilir. Əvvəllər isə onlar yalnız bir saat gəzə bilərdilər. Həbsxana rəhbərliyi gəzinti vaxtının qısaldılmasını sosial məsafəni qorumaq zərurəti ilə izah edirdi”.

Məsələn, Kristofer Uorrel adlı bir siyasi məhbusun həbs tarixçəsində yazılır ki, o, 6 yanvar qiyamında iştirak etdiyinə və Kapitoli mühafizəçilərinə hücumda günahlandırıldığına görə tutulub. Biləyi sındırılan məhbusun tibbi xidmət tələbi həbsxana rəhbərliyi tərəfindən rədd edilib. Çünki “Məğrur oğlanlar” qrupuna aid edilən həmin dustaq hakim dairələr üçün təhlükəli kadr sayılır. Vəkilinin ardıcıl müraciətlərindən düz dörd ay sonra Kristoferə tibbi yardım göstərilməsinə icazə verilir. Lakin dustaq biləyinin pis-yaxşı bitişdiyini və yardıma ehtiyacın olmadığını bildirir. Beləcə, Vaşinqton türməsinin “patriot qanadı” adlandırılan həmin şöbənin məhbuslarına hər axşam ABŞ-ın dövlət himnini oxutduraraq? onlarla məzələnirlər.

Bir ilə yaxındır həbs edilən vətənpərvərlər türmədə əlacsız oturub məhkəmələrinin keçiriləcəyi günü gözləyirlər. Onlar dövlət çevrilişində, kütləvi iğtişaşlara çağırışda, təhlükəsizlik işçilərinə hücumda və digər əməllərdə ittiham olunurlar. Siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar ağır cinayətlər sırasına aid olduğuna görə onların hər birini 10 ildən artıq həbs cəzası gözləyir. Halbuki, bütün dünya 6 yanvar etirazçılarının aksiya zamanı özlərini necə sivil apardıqlarının şahididir.
Onlar əslində nə etmişdilər? Seçki saxtakarlığına etiraz olaraq konqresə daxil olmuş, konqres üzvləri ilə selfi çəkdirmiş və bir müddət zalda gəzişib, gərginlik yaradaraq dağılışmışdılar. Vəssalam!



Həmin aksiya zamanı Kapitolinin mühafizəçisi Eşli Babbitti adlı qadını güllələyərək qətlə yetirib. Bu qətlə görə mühafizəçi heç bir cinayət məsuliyətinə cəlb edilməyib. Bu gün həmin motivlə tutulanların sayı Vaşinqton həbsxanasında otuz yeddi, ümumi ABŞ həbsxanalarında isə dörd yüz nəfərdir. Məhkəmə hökmü olmadan həbsdə saxlanılan həmin siyasi məhbusların əksəriyyəti qeyri-insani rəftardan və zorakı davranışlardan əziyət çəkdiklərini bildirirlər. Konqresmen M.Teylor Qrinin fikrincə, hakimiyyətin etirazçılara yönələn bu cür qəddar davranışı əhalinin narazı təbəqəsini qorxutmağa hesablanıb.

“Biz dünyanın ən böyük ölkələrindən birində yaşayırıq. Böyük demokratiyaya iddialı olan bir ölkədə vətəndaşlar seçkilərin nəticələrini bəyənmədiklərinə görə türmələrdə haqsız çürüməməlidi”- deyə, konqresmen fikrini davam etdirib.

Bilindiyi kimi ABŞ həbsxanaları insan iniltilərindən xali deyil. Son dövrlər ABŞ-da ən qalmaqallı cinayət hadisəsi kimi “Vikiliks”in sahibi Culian Assancın məhkəmə işini göstərmək olar. Tanınmış jurnalist hələ də İngiltərədə dəmir barmaqlıqlar arxasında çürüyür. Analitiklərin fikrincə ABŞ onun ekstradisiyasına nail olarsa, Assancı yüz yetmiş ilədək həbs cəzası gözləyir. Qeyd edək ki, yüksək rütbəli ABŞ dövlət rəsmilərinin məxfi məlumatlarını yaymaq ittihamından əlavə ona zorlama maddəsi ilə də hökm oxunub. Bütün Amerika bilir ki, Assanc sonradan onun üzünə duran qadın jurnalistlə sevgili münasibətində olub.

Adı keçən “zorlama” hadisəsi düz 11 il bundan əvvəl, yəni “Vikiliks” sənədlərinin yayılmasından iki il öncə İsveçdə baş verib. Assanc gənc, pullu və yaraşıqlı bir oğlan idi. İstənilən qadın onun yatağına məmnuniyətlə hoppanırdı. Belə bir şəxsin indiki fotoşəkilinə baxmaq çox kədərlidir. O, məhkumluğunun doqquz ilini Ekvador səfirliyində, iki ilini isə İngiltərənin sərt rejimli həbsxanasında keçirib. İşgəncələrlə dolu bu illər onun gəncliyini əlindən alaraq, büzüşmüş bir qocaya çevirib. BMT-nin məruzəçisi qeyd edib ki, Assanc həbsxanada psixoloji zorakılığa məruz qalır. Vəkilinin bildirdiyinə görə ədalət məhkəməsindən əlini üzən bu media giqantı artıq öz vəsiyyətnaməsini də yazıb.

Amerika filmlərinin heyranları çox vaxt oradakı həbsxanaları fitnes mərkəzi, üzgüçülük hovuzu və zəngin menyusu olan sanatoriya kimi təsəvvür edirlər. Ancaq onların xəbəri yoxdu ki, həmin türmələrdə 2,3 milyon amerikalı məhbus məhrumiyyətlər içərisində çürüyür.


Məhkumlar arasında ölüm nisbəti durmadan artır. Onların demək olar ki, yarısı xroniki xəstədir, xəstəlikləri ən yaxşı halda ibuprofen ilə “müalicə edirlər”. Buraya kriminal avtoritetlərin zorakı davranışlarını və Amerikanın özünəməxsus intihar trendini də əlavə etsək, o həbsxanalar haqda təsəvvürünüz tamamlanar.

Adi bir misal. Texas polisi 2015-ci ildə Sandra Bland adlı 28 yaşlı bir qadını avtomobilin dönmə işığını yandırmadığına görə həbs etmişdi. Həbsindən iki gün sonra Sandranın kamerada intihar etməsi xəbəri yayıldı. Onun ailəsi hələ də bu müəmmalı intiharın səbəbini aydınlaşdıra bilməyib. Amerika mətbuatının yazdığına görə həbsxanalarda hər il yüzlərlə belə müəmmalı intiharlar baş verir.

ABŞ məhbusların sayına görə dünya çempionudur. Planetdəki bütün məhbusların dörddə birini Amerika dustaqları təşkil edir. 70 milyondan 100 milyona qədər amerikalının belində ya “oturub-çıxma”, ya da hazırda “oturma” statusu var. Hər “tərpənənə” rahat cinayət işi açıldığına görə məhkumların sayı durmadan artır. Məhbusların süni şəkildə çoxaldılmasının bir səbəbi də onların özəl həbsxanalarda ağır işlərdə istismar olunmasıdır. Beləki, özəl həbsxanalar dövlətlə müqavilə əsasında məhkumları ağır məcburi əməyə cəlb edir.

Bütün bunlar ABŞ mediasının üstündən sükutla keçdiyi mövzulardı. Özəl həbsxanalarda baş verənlər dövlət həbsxanaları ilə müqayisədə daha məxfi saxlanılır. 2014-cü ildə “Time” qəzetinin jurnaliti Luiziana ştatında standart rejimli özəl həbsxanada məhkum qismində işləyəsi olur. Jurnalistin sonralar yazdığına görə oradakı məhkumlar mühafizəçilərin gözü qarşısında biri-birini, sözün əsl mənasında, kəsib-doğrayırdılar. Aclıq aksiyasına başlayan məhbuslardan biri elə jurnalistin gözləri qarşısındaca ölmüşdü. Digər bir məhbusun xəstəxanaya yerləşdirilmək üçün aylarla yalvarmasına baxmayaraq, ona heç bir tibbi xidmət göstərilməmişdi və ən sonda həmin dustağın qanqrena vermiş ayaqlarını kəsmişdilər.

Özəl həbsxanalarda məcburi əməkdən yayınmaq istəyənləri dərhal karserə göndərirlər. Ağır əmək müqabilində verilən məvacib isə həbsxana mağazasından aldıqları ərzağa güclə çatır. Ona görə də həmin məhkumların ailələri onlara pul göndərmək məcburiyətində qalır. Bütün bu dözülməz hallar həm də türmələrdəki sıxlıq, xəstəlik, döyülmə və qətllərlə müşaiət olunur. “Müasir qullar”dan əldə olunan gəlir həbsxana sahibləri və dövlət orqanları arasında bölüşdürülür. Əmək birjasında ən böyük “qul sahibi” olan şirkətlər “CoreCivic” və “GEO Group”dur. Onlar sözügedən qul əməyi ticarətinə aktiv şəkildə sərmayə qoyurlar.

Murad Köhnəqala
AzVision.az üçün


Teqlər: ABŞ   siyasi-məhbus  





Xəbər lenti