"Nə qəbahət işləmişəm ki, qıraqda qalmışam" - Xalq artisti

   "Nə qəbahət işləmişəm ki, qıraqda qalmışam" -     Xalq artisti
  21 Dekabr 2021    Oxunub:3050
“Sənətkarları Qarabağa aparırlar, ancaq bir dəfə mənim adımı çəkmirlər. Nə qəbahət işlətmişəm ki, hələ də Ağdama gedib çıxa bilməmişəm”.
AzVision.az xəbər verir ki, bunu Xalq artisti Fatma Mahmudova deyib. Aktirsa bildirib ki, doğulub boya-başa çatdığı Ağdama hələ də gedə bilməyib.

“Əsas odur ki, Zəfər qazandıq və salamatıq. Mən buna şükür edirəm. Bizim üçün əsas budur. Ancaq mənim bir nisgilli yerim də var. Hələ də Ağdama gedə bilməmişəm. Məni niyə aparmırlar? Niyə qıraqda qalmışam? Bunlar mənim üçün çox maraqlıdır. Mən Ağdam Dövlət Dram Teatrının bir simvoluyam. Teatrın aparıcı aktrisalarından olmuşam. İncəsənət və teatr xadimiyəm. İllərlə səngərlərdə əsgərlərimizin qarşısında çıxış etmişəm, canımı qoymuşam.

Yoldaşım Tofiq Qarayev Milli Orduda vuruşub. Bəs belə bir gündə niyə məni də yada salmırlar? Cəbrayıldan olan sənətkar Cəbrayıla, Füzulidən olan Füzuliyə gedib. Bəs Fatma Mahmudova nə günah işlədib ki, Ağdama aparılmır? Niyə mən də getməməliyəm? Axı mən xalq artistiyəm, elə bir qəbahətim yoxdur ki, ora getməyim.

Bu yaxınlarda Nəzakət Teymurovanın anası ilə Ağdama getdiyini gördüm. O xanım bizim canımız, gözümüzdür.

Mən 5-6 yaşımdan Ağdamdan çıxmamışam. Orada canımı qoyub çıxmışam.
Evimin xarabalığında oturub Ağdam teatrının uçuğuna baxmaq istəyirəm. Evim teatrın binası ilə üzbəüz olurdu”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: FatmaMahmudova  





Xəbər lenti