"Evim xarabalığa çevrilib, baxanda tanımıram" - Murad Rzayev

   "Evim xarabalığa çevrilib, baxanda tanımıram" -    Murad Rzayev
  22 Dekabr 2021    Oxunub:1666
“Arif Babayev Ağdama gedəndə mənə də təklif olunmuşdu. Ancaq səhhətimlə əlaqədar gedə bilmədim. Qan təzyiqindən əziyyət çəkirəm. Uzaq yolu gedə bilmirəm”.
AzVision.az xəbər verir ki, bunu "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev deyib. O bildirib ki, 30 ildən sonra Ağdamdakı evinin xarabalıqları ilə qarşılaşmaq onun səhhətinə pis təsir edə bilər.

“Mən evimdən çıxanda orta yaşlı idim. Indi isə 75 yaşım var. Bundan sonra evimi xaraba görməyə ürəyim tab gətirməz. Pis olaram. O torpaqlarda mənim günüm, həyatım keçib. Təsəvvür edin ki, 1993-cü ildən Ağdamdan çıxanam. İndi qayıdanda isə daha ağır mənzərə ilə qarşılaşacağam.

Hələ də xatirəmdədir. Ağdam şəhərinin işğal olunmasına 15 dəqiqə qalmış iş yerimdə oturub işçilərin əmək haqlarını hesablayırdım.Yaradıcılıq Mərkəzinin direktoru idim. Mühasib və müavinim də mənimlə birgə idilər. Bir də gördüm ki, səs-küy gəlir. Xəbər etdilər ki, çıxın, ermənilər rayonu işğal edə-edə gəlirlər.

Biz Xındırıstan kəndinə gedəsi olduq. Fred Asifin bacısı oğlu gəldi, dedim, nə olub? Dedi, Ağdam işğal olundu. Həmin an sənədləri qoyub geri qayıtmaq istədim. Sürət Hüseynovun qoşunu Uzundərədən buraxmadı... Ağdamla belə vidalaşmışdım.

Evim Ağdamda hərbi hissənin yanında idi. İndi o qədər pis vəziyyətdədir ki, tanıya da bilmirəm. Bişmiş kərpicdən tikilmişdi”.

75 illik yubileyə hazırlaşan M. Rzayev deyir ki, özü Qarabağa getməsə də mahnıları orada səsləndirilib.

“Bilirsiniz ki, Bayatı-Şiraz improvizasiyasını mən yaratmışam. Onu Təyyar Bayramovun oğlu Kənan balamız Şuşada səsləndirdi. Aqil Abbas deyir ki, həmin Bayatı-Şiraz Azərbaycanın musiqi himninə çevrilib. Bir çox tədbirlər həmin musiqi ilə açılır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: MuradRzayev  





Xəbər lenti