"Beş ildə 76 antidopinq qayda pozuntusu aşkarlanıb" - Şəfəq Hüseynli

   "Beş ildə 76 antidopinq qayda pozuntusu aşkarlanıb" -    Şəfəq Hüseynli
  23 Dekabr 2021    Oxunub:1539
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 76 antidopinq qayda pozuntusu üzrə qərar qəbul edilib və müvafiq sanksiya tətbiq edilib.

AzVision.az xəbər verir ki, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli 2021-ci ilin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu dövrdə 9 idmançının işi üzrə xitam, yəni bəraət qərarı verilib: "Son 5 ildə AMADA tərəfindən 6260 dopinq testi həyata keçirilib. Bunlardan 5400-ü milli test proqramı 860-ı isə beynəlxalq sifarişlər əsasında olub. Statistik rəqəmlərin illər üzrə müqayisəsi də antidopinq sahəsindəki inkişafı əyani olaraq göstərir. AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə aşkarlanan antidopinq qayda pozuntularının götürülən testlərin nisbəti 4.5 faiz idisə, 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.

Beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında da nəzərə çarpan azalma müşahidə olunur. AMADA-dan əvvəl 2013-2016 ci illər ərzində beynəlxalq səviyyədə 40 antidopinq qayda pozuntusu aşkarlanmışdısa, son 5 ildə bu rəqəm 21-ə bərabər olub. Son üç ildə isə ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb. Bu da onu göstərir ki, antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır".

Aytən Zəhra
AzVision.az



Teqlər: AMADA   Dopinq  





Xəbər lenti