Ermənisayağı istefa: Məmurlar niyə təzyiqlə üzləşir?

      Ermənisayağı istefa:    Məmurlar niyə təzyiqlə üzləşir?
  23 Dekabr 2021    Oxunub:919
Ermənistanda yüksək rütbəli məmurlar arasında intriqalar artıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, İkinci Qarabağ müharibəsindən sonra ölkə tarixində inanılmaz sayda məmur istefası və işdən qovulması halları baş verib. Bunların bir çoxu yarıtmaz fəaliyyətlə əlaqələndirilsə də, əksər hallarda məmur istefaları komandadaxili çəkişmələrlə bağlı olur. Ümumilikdə isə İrəvanda məmurların işdən çıxmasının "istefa mədəniyyəti"nə aidiyyəti yoxdur. Çünki mətbuat da bu müəmmalı prosesləri hansısa pərdəarxası siyasi oyunlarla əlaqələndirir.

Məsələn, ölkənin məşhur “Hraparak” nəşri bu mövzuda dərc olunan məqaləsində yazıb ki, bəzi nazirlər artıq yeni və özünə sərf edən komanda yığdığı üçün bu qalmaqallı istefalara səbəb olur.

Ermənistanın lənətlənmiş nazir kürsüsü
- Nazirlikdəki mənbələrimizin verdiyi məlumata görə, Suren Qriqoryanın dekabrın 20-də ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsinə səbəb nazir Karen Andreasyanla barışmaz münasibətləri olub. Geniş səlahiyyətlərə malik Andreasyanın vəzifə başına keçdiyi gündən kadrlarla bağlı ciddi problemləri var. O öz standartlarına uyğun komanda yığacağını bəyan etdi. Tabeliyində olanları qeyri-adekvat tənqid edir, tez-tez nöqsanlar tutur. Qriqoryanın isə əsəbləri tarıma çəkilib, bu cür təzyiqlərə dözməyərək işdən azad olunması ilə bağlı müraciət yazıb-,məqalədə yazılıb.

Xatırladaq ki, dekabrın 6-da müəmmalı məmur istefası baş vermişdi. Yerli media Karen Saruxanyanın fövqəladə hallar nazirinin müavini vəzifədən öz xoşu ilə uzaqlaşdırıldığını yazsa da, sonradan bəlli oldu ki, onu baş nazir Nikol Paşinyan vəzifəsindən azad edib.

Maraqlısı isə budur ki, əvvəllər Şirak qubernatoru postunu tutmuş Saruxanyan bu il sentyabrın 8-də fövqəladə hallar nazirinin müavini, sentyabrın 11-də isə Paşinyanın “Vətəndaş müqavilə”si partiyasının Gümrü üzrə ərazi təşkilatı şurasının sədri vəzifəsinə seçilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İstefa   Ermənistan   Məmur  





Xəbər lenti