Təhsil naziri məktəbdə pul yığımının könüllü olmasına aydınlıq gətirdi: "Yeni modellər hazırlanır"

   Təhsil naziri məktəbdə pul yığımının könüllü olmasına aydınlıq gətirdi:    "Yeni modellər hazırlanır"
  23 Dekabr 2021    Oxunub:889
"Məktəb direktorlarının, Təhsil Nazirliyinin əməkdaşlarının və yaxud təhsili idarə edən hər hansı bir şəxslərin məktəbdə pul yığması, hansısa maddi resursları valideynlərdən toplaması qeyri- qanunidir. "Məktəbə resurs cəlb oluna bilər" və "Bu könüllü əsasda olmalıdır" fikirləri məktəb direktoru, məmur tərəfindən "mütləq olmalıdır" fikri kimi başa düşülməməlidir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, könüllük vacib məsələdir və bu, istəyə bağlıdır:

"Kimsə özünün və uşağının oxuduğu, məzun olduğu məktəbə hər hansı bir şəkildə qanuna zidd olmadan, könüllü olaraq vəsait vermək istəyirsə, bunun mexanizmi olmalıdır.

Valideyn Müəllim Assosiasiyasıları Təhsil Nazirliyinin qurumu olaraq nəzərdə tutulur. Belə deyil. Bu, valideynlərin özünü idarəetmə qurumudur. Valideynlər qərar verməlidir ki, onlar məktəbin idarə olunmasında iştirak etmək üçün bu və ya digər qurumlarda təmsil olunub, bu işi görmək istəyirlər, ya yox. Təmsil oluna bilirsə, şagird, təhsil və məktəb üçün yaxşı xəbərdir".

Nazir qeyd edib ki, bu, ciddi hazırlıq işi tələb edir: "Müzakirələri izləyirəm. Mövzudan əsas yayınma odur ki, məktəb direktoru uşaqlardan pul yığma onda nə olacaq? Sual məktəbin pul yığmasından getmir. Söhbət dövlətin məktəbə ayırdığı vəsaitdən əlavə, vəsaitlərin könüllü olaraq, şəffaflıq və hesabatlılıq prinsipləri əsasında şagirdlərin və Azərbaycan uşaqların inkişafı naminə toplanıb, xərclənməsindən gedir. Bunda problem varmı? Müzakirələrdə mənə görə "Bu risklidir? Hansı risklər var? Nəyi pisdir?" sualları səsləndirilməlidir. Hələki biz ictimaiyyətin rəyini öyrənirik, fikirləri toplayarıq. Növbəti ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək. Ayrı- ayrı mexanizmləri və modelləri göstərəcəyik. Orada da eyni sual olacaq ki, pisdir ya yaxşıdır? Qanun pozuntusudur, ya yox?

Biz yeni modellərdən qorxmamalyıq. Məktəb rəhbərliyi ilə bağlı hansısa mənfi fikirdə olanlar da var. Yəqin ki, bunun da səbəbləri var. Lakin həmişə belə qalası deyil və biz bunu yaxşıya doğru dəyişməliyik. Bunu razılaşdırılmamış formata keçirməliyik. Lakin məcburiyyət yoxdur. Valideynlər və ictimaiyyət anlamalı, tətbiq olunmalıdır. İstəməsələr olmayacaq. O zaman da məktəbə əlavə resurs gəlməyəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: VMA   Təhsil   Məktəb  





Xəbər lenti