"Qonşu ölkələrlə münasibətlər xarici siyasətimizin prioriteti olaraq qalıb" - XİN

   "Qonşu ölkələrlə münasibətlər xarici siyasətimizin prioriteti olaraq qalıb" -    XİN
  29 Dekabr 2021    Oxunub:759
"Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalıb. İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam edib və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında deyilir.

Bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olub. Bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunub və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.

2021-ci ildə də Rusiya Federasiyası ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olub. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin 11 yanvar 2021-ci ildə Moskvada və 26 noyabr 2021-ci ildə isə Soçidə üçtərəfli görüşləri keçirilib. İl ərzində Rusiya Federasiyasının Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər edib. Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası baş tutub.

İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilib. 27-28 noyabr 2021-ci ildə Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü çərçivəsində Azərbaycan və İran prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib. Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanmışdır. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunub. 22 dekabr 2021-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini edib.

Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit əsasda inkişaf edib, hər iki dövlət rəsmilərinin, o cümlədən Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ölkəmizə, Azərbaycan Respublikasının müdafiə və mədəniyyət nazirlərinin Gürcüstana səfərləri baş tutub. Gürcüstanın baş nazirinin iştirakı ilə 29 sentyabr 2021-ci il tarixində Bakıda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Qazaxıstan ilə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq ruhunda davam edib, 21 iyun 2021-ci ildə Qazaxıstanınbaş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfər edib. Eyni zamanda, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Soltanov 9 sentyabr 2021-ci ildə Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak edib.

2021-ci ildə Türkmənistan ilə qarşılıqlı hörmət və dostluq ruhunda münasibətlərimiz davam edib. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfər edib və səfər çərçivəsində 21 yanvar 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb. İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü çərçivəsində Azərbaycan və Türkmənistan dövlət başçıları arasında Aşqabad şəhərində baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib.

2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilib. Belə ki, 13 yanvar 2021-ci ildə İslamabad şəhərində Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci, 23 fevral 2021-ci ildə isə Ankara şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşləri keçirilib.

Qeyd olunub ki, 2021-ci ildə strateji tərəfdaşlarımız olan Belarus, Ukrayna, Özbəkistan, habelə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini bölüşdüyümüz Moldova, Tacikistan və Qırğızıstan ilə əlaqələr genişlənib, ali və yüksək səviyyədə ikitərəfli əsasda ölkəmizə səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər bu əməkdaşlığa töhfə verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: XİN  





Xəbər lenti