İsrail və Fələstin gizli danışıqlar keçiriblər

   İsrail və Fələstin gizli danışıqlar keçiriblər
  29 Dekabr 2021    Oxunub:850
İsrailin Müdafiə naziri, “Kaxol-Lavan” partiyasının rəhbəri Beni Qants Roş-xa-Aində yerləşən evində Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşüb. İsrail mətbuatının məlumatına görə, təkbətək danışıqlar da nəzərə alınmaqla, görüş 2 saat yarım davam edib. İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirakı istisna olunmaqla, bu Mahmud Abbasın 2010-cu ildən bəri İsrailə ilk gəlişidir.
AzVision.az xəbər verir ki, İsrail mediası baş nazir Naftali Bennetə görüş barədə əvvəlcədən məlumat verildiyini yazır. Maraqlıdır ki, görüş zamanı tərəflərin şəkil çəkdirməmək barədə razılaşdıqları da qeyd olunur.

İsrailli nazir qonağa gələcək razılaşmalar çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri üzrə tərəflər arasında etimadı möhkəmləndirmək üçün Təl-Əvivin məramları barədə məlumat verib. “Globes” nəşrinin yazdığına görə, danışıqlar zamanı İsraildə işləmək üçün razılıq ala biləcək muxtariyyət sakinlərinin sayının artırılması məsələsi müzakirə olunub.
Uzun müddət İsrail parlamentində hakim partiya olmuş və hökuməti formalaşdırmış, hazırda isə ana müxalifət rolunu oynayan “Likud” partiyası ölkənin Müdafiə nazirinin Fələstin muxtariyyətinin rəhbəri ilə görüşünü kəskin tənqid edib.

- Naftali Bennetin İsrail-Fələstin hökuməti Əbu Mazeni (Mahmud Abbas) və fələstinliləri gündəmə qaytarır. İsrailin təhlükəsizliyi məsələsində qorxulu güzəştlər yalnız zaman məsələsidir. Bennet-Saara-Lapid hökuməti İsrail üçün təhlükəlidir, - “Likud” partiyasının “Twitter”dəki postunda bildirilir.

Marqlıdır ki, hadisəni “Fələstin xalqının kürəyinə vurulan bıçaq zərbəsi” adlandıran XAMAS-ın təmsilçiləri də bu görüşü tənqid atəşinə tutublar. Təşkilatın bəyanatında Əbu Mazenin (Mahmud Abbasın) fələstin xalqının maraqlarını təmsil etmədiyi deyilir.

Yeri gəlmişkən, bu ilin avqustunda İsrailin Müdafiə naziri Beni Qants Ramallada Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasla artıq görüşmüşdü. Bu 2010-cu ildən bəri İsrail hakimiyyətinin yüksək vəzifəli təmsilçisinin Fələstin muxtariyyətinin lideri ilə ilk görüşü idi. Həmin görüş İsrailin yeni baş naziri Naftali Bennetin ABŞ prezidenti ilə Ağ evdə ilk şəxsi ünsiyyətindən sonra baş tutmuşdu. Fələstin məsələsinə toxunulmayan həmin danışıqlarda tərəflər, sadəcə, regionda sülhün və rifahın yaradılmasına cəhd göstərdiklərini açıqlamışdılar.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: İsrail   Fələstin  





Xəbər lenti