MDB sammitinin pərdəarxası məqsədi - VERSİYA

// Qapalı mövzunun Azərbaycanla bağlı olduğu ehtimal edilə bilər

   MDB sammitinin pərdəarxası məqsədi -    VERSİYA
  29 Dekabr 2021    Oxunub:6448
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-formal sammiti əsasən pandemiya ilə mübarizə məsələlərinə həsr olunmuşdu. Kremlin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, sammiti giriş sözü ilə açan Rusiya prezidenti Vladimir Putin 2021-ci ilin MDB dövlətləri üçün əlamətdar olduğunu deyib. Belə ki, bu il qurumun yaranmasının və üzv ölkələrin müstəqillik əldə etmələrinin 30 illiyi tamam olub.
Bu münasibətlə həmkarlarını təbrik edəndən sonra Putin əsas mövzunun pandemiya ilə birgə mübarizə olduğunu deyərək, məsələnin dərindən müzakirəsinin vacibliyini vurğulayıb.

MDB dövlət başçılarının Rusiyanın təşəbbüsü ilə keçirilən və pandemiya ilə mübarizəyə həsr olunmuş qeyri-formal görüşü ilk baxışdan doğrudan humanitar aksiya təsirini bağışlayır. Lakin Rusiyanın bu məsələdə canfəşanlığı və üzv ölkələrə təmənnasız yardım təklif etməsinin MDB-dəki sanitar-epidemioloji vəziyyətlə bağlı olması heç də inandırıcı görünmür. Kremlin bu humanitar xarakterli siyasi aksiyasının altında strateji məqsədlərinin dayandığını əminliklə söyləmək olar.

Diqqəti ilk çəkən məqam ondan ibarətdir ki, MDB-yə üzv olmalarına baxmayaraq, nə Moldova, nə də Ukraynanın dövlət başçıları sammitdə iştirak edirdilər. Bu ilin oktyabr ayından Rusiya ilə münasibətlərin dərinləşməsinin tərəfdarı kimi çıxış edən Moldova prezidenti Maya Sandu “Pro Tv” telekanalına müsahibəsində etiraf edib ki, MDB-nin Sankt-Peterburq sammitində iştirak etməməsinin səbəbi rəsmi dəvət olunmaması ilə bağlıdır.


Ukrayna prezidenti Vladimir Zelenskiyə gəlincə isə, Putinin mətbuat katibi Peskov “təbii ki, Zelenski gələ bilər, ancaq bu addımı atacağını düşünmürəm” şəklində münasibət bildirib. Xatırladaq ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Zelenskinin danışıqlara və Rusiya prezidenti ilə görüşə tam hazır olduğunu, ancaq bunun konkret nə zaman baş tutacağının məlum olmadığını söyləmişdi.

Belə çıxır ki, Ukrayna ilə Moldova rəhbərlərinin sammitdə iştirak etməsini Rusiya istəməyib. O zaman sual yaranır: Nəyə görə Putin məhz Ukrayna və Moldova rəhbərlərini öz ətrafında görmək istəmir? Tutaq ki, Ukrayna ilə məlum münaqişə ilə bağlı münasibətlər pozulub və Zelenski bu səbəbdən Sankt-Peterburqa dəvət olunmayıb. Axı, Moldova ilə Rusiya arasında heç bir münaqişə mövcud deyil. Əgər dəvət olunmamalarının səbəbi həmin ölkə liderlərinin “qərbyönümlü-demokrat” olmaları ilə bağlıdırsa, o zaman Ermənistanın “inqilabçı” baş naziri Nikol Paşinyan heç sammitin kandarından içəri buraxılmamalı idi.

Məsələ ilk növbədə Avropa İttifaqı və NATO-nun bu yaxınlarda keçirilən samitlərilə bağlıdır. Məlum olduğu kimi, post-sovet respublikalarından Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan, Ukrayna və Belarus Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının üzvüdürlər. Lakin Lukaşenko Avropa İttifaqının sammitinə dəvət olunmamışdı. Belarus prezidenti üçün ayrılmış kürsü boş saxlanılmış və bildirilmişdi ki, gələcəkdə bu kürsüdə demokratik şəkildə seçilmiş prezident oturacaq.
Yerdə qalan 5 post-sovet respublikalarından 3-ü, yəni, Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı ilə NATO-ya tam hüquqlu üzv qəbul olunmaları üçün birgə ittifaq yaradaraq, bu istiqamətdə fəaliyyətlərini əlaqələndirmək qərarına gəliblər. Rusiya isə özünün əsas rəqibinin NATO olduğu qənaətinə gəldiyi üçün, təbii ki, bu quruma üzv olmaq istəyən ölkələri də dost saymır. Beləliklə, Gürcüstan onsuz da MDB-dən çıxdığına, digər üzvlər – Ukrayna və Moldova isə NATO-ya can atdıqlarına görə MDB sammitinə dəvət almayıblar.

Rusiya Avropa İttifaqının sammitindən sonra tələsik MDB sammitini keçirməklə bir tərəfdən Qərbə güc nümayiş etdirir, digər tərəfdən isə özünün bölgədəki təsir dairəsinin sərhədlərini göstərir. Təbii ki, MDB platforması Rusiyanın təsir dairəsini nümayiş etdirmək üçün çox da uğurlu müstəvi hesab oluna bilməz. Kreml nə qədər arzulasa da, MDB-ni özününküləşdirə bilməyib. MDB-yə üzv dövlətlər öz qərarlarında müstəqil hesab olunurlar və Ukrayna, yaxud Moldovanın üzv dövlət kimi Birlik çərçivəsində hansısa təşəbbüslərlə çıxış etmələr pnsipcə mümkündür. Güc və təsir dairəsinin nümayişi üçün Rusiyaya daha çox Putinin yaratdığı KTMT, yaxud Avrasiya İttifaqı platforması uyğun gəlsə də, yalnız bir amil sammitin bu platformalarda keçirilməsinə mane oldu. Bu da Azərbaycanın nə KTMT, nə də Avrasiya İttifaqına üzv olmasıdır.


Kreml anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı 10 noyabr bəyanatının qəbul edilməsindən sonra onun Bakıya təsir üçün əlində olan yeganə alət bölgəyə yerləşdirdiyi sülhməramlılardır. Bu alətin isə istifadə müddəti günü-gündən azalır və təsir gücü zəifləyir. Belə ki, Ermənistanla Azərbaycan arasında ölkəmizin ərazi bütövlüyü tanınmaqla sülh müqaviləsinin imzalanması perspektivi sülhməramlıların qalması zərurətini ortadan qaldırır. Bu səbəbdən Rusiya qısa müddət ərzində Azərbaycanı özününkü hesab etdiyi regional ittifaqlara inteqrə etdirməyə çalışır.


Sammitdə Qazaxıstanın prezidenti Tokayevlə yanaşı, milli lideri Nazarbayevin də iştirakı təsadüfi deyildi. Diqqət etsək, sammitin əvvəlində Putin ayrıca Nazarbayevlə görüş keçirərək, Avrasiya İttifaqının yaradılması ideyasını verdiyi üçün ona təşəkkür etdi. Güman etmək olar ki, Nazarbayevin sammitə gəlməsinin əsas səbəblərindən biri Azərbaycan və Rusiya liderləri arasında regional təşkilatlara inteqrasiyanın şərtlərinin müzakirəsində vasitəçi qismində iştirak etməkdir. Güman ki, əsas şərt kimi, sülh müqaviləsindən sonra sülhməramlıların çıxarılması və bunun müqabilində Azərbaycanın regional əməkdaşlıq platformalarına inteqrasiyası nəzərdə tutula bilər.

Tofiq Vahid
AzVision.az



Teqlər: MDB   Azərbaycan  





Xəbər lenti