"Qəddafi Səddamın müdafiəsi üçün pul ayırmışdı"- Vəkil

   "Qəddafi Səddamın müdafiəsi üçün pul ayırmışdı"-   Vəkil
  30 Dekabr 2021    Oxunub:1526
Liviya və Yəmənin keçmiş prezidentləri Müəmmar Qəddafi ilə Əli Abdulla Saleh İraqın eks-prezidenti Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıblarmış.
AzVision.az xəbər verir ki, bu barədə vəkil Büşra Xəlil Rusiya mediasına verdiyi açıqlamada məlumat verib.

- Vəkillər komitəsinin xərclərinə gəlincə, prezident Qəddafi bu vəsaiti Əmmanda komitənin ofisində çalışan xanım Raqedə bağışlayırdı. Prezident Əli Abdulla Saleh də pul bağışlayırdı, - Xəlil deyib.

Səddamın edamı ilə bağlı yeni detallar məlum olub
Qeyd edək ki, keçmiş İraq liderinin qızı Raqed ABŞ-ın İraqa hərbi müdaxiləsi başladıqdan sonra İordaniyaya köçüb və burada Səddamı məhkəmədə təmsil edən vəkillər komitəsinin koordinatoru olub.

Vəkil deyib ki, Əmmandan Bağdada məlum proseslərlə bağlı olan uçuşlardakı biletləri Raqed təmin edib. Məhkəmə işi ilə bağlı digərləri də onun hesabına öz ölkələrindən uçublar və otellər komitənin büdcəsindən ödənilib.

Xatırladaq ki, 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqa müdaxilə etdi. 15 il əvvəl, bu gün beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə prezident Səddam Hüseyn devrilərək edam edildi.

Keçmiş İraq lideri 6 aya yaxın amerikalılardan gizlənə bilsə də, sonda doğma şəhəri Tikrit yaxınlığında yaxalandı. Səddam üçün ölkədə təşkil edilmiş xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də edam cəzasına məhkum edib. İraqın keçmiş lideri asılaraq edam edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Liviya   İraq   Yəmən   Edam   Səddam-Hüseyn   Qəddafi  





Xəbər lenti