Milli Məclis “Media haqqında” yeni qanunu qəbul etdi

   Milli Məclis “Media haqqında” yeni qanunu qəbul etdi
  30 Dekabr 2021    Oxunub:377
Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.
AzVision.az -ın xəbərinə görə, sənəd bu gün parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb. Daha sonra isə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

“Media haqqında” yeni qanun layihəsi Venesiya Komissiyası tərəfindən təqdir olunmuş normaların məcmusudur. Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

“Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.

“Media haqqında” qanunda ictimai müzakirələrdən sonra bir çox konstruktiv təkliflər nəzərə alınıb. Bəzi maddələr yeni redaksiyada verilib.

Sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub.

Qanun layihəsində ikinci düzəliş 14.1.11-ci maddə ilə bağlıdır. Maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.

Sənədə internet üzərindən audiovizual proqramların yayımlanması ilə bağlı məsələlərin əks olunduğu 30.8-ci maddə əlavə olunub və daha dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”. Növbəti dəyişiklik 30.8-ci maddənin əlavə edilməsinin məntiqi davamı olaraq 30.2-ci maddədə də müvafiq istisnanın dəqiq göstərilməsi zərurətini yaradıb. Yəni internet televiziyaları istisna olmaqla digər platforma yayımçıları lisenziya əsasında fəaliyyət göstərir.

Layihədə, habelə 26-cı maddəyə dair siyasi partiya mənsublarının ümumiləşdirilmiş təklifi nəzərə alınaraq, siyasi partiyalar və dini qurumlarla bağlı normaların hüdudları müəyyən edilib və yeni redaksiyada hazırlanıb.

39-cu maddədə tütün məmulatlarının açıq nümayişi ilə bağlı tənzimləmə aparılıb. 39.1.2-ci maddədə edilən dəyişiklik 2017-ci ildə qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun müddəaları ilə uyğunlaşdırma xarakteri daşıyır. Milli qanunvericilikdəki yeni yanaşma nəzərə alınaraq, 39.1.2-ci maddənin “tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək” müddəasından “açıq” sözü çıxarılıb.

Həmçinin normativ hüquqi akt layihəsinin qəbul olunma prosedurunun yekunlaşacağı vaxtın əvvəlcədən müəyyən edilməsi çoxsaylı müzakirələrə səbəb olduğundan müvafiq 78.4-cü maddə layihədən çıxarılıb.

Bundan başqa, sənədə 78.6-cı maddə əlavə olunub. Yeni maddəyə əsasən, bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri Qanun qüvvəyə mindikdən sonra yaranmış hallara şamil olunur.

Layihənin müvafiq maddələrində ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslərə münasibətdə media subyekti təsis etməyi və jurnalist kimi Media Reyestrinə daxil olunmağı qadağan edən normaların qanunun qəbulundan əvvəl yaranmış münasibətlərə də şamil olunacağına dair fikirlərin qarşısını almaq üçün sözügedən müddəanın təsbiti məqsədəuyğun sayılıb.

Qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq səsvermədən sonra qəbul edilib.

AzVision.az

Teqlər: MEDİA  







Xəbər lenti