Prezidentin "Şuşa ili"ndə üç strateji hədəfi – Azay Quliyev şərh edir

Prezidentin "Şuşa ili"ndə üç strateji hədəfi –    Azay Quliyev şərh edir
  03 Yanvar 2022    Oxunub:6704
“Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində daşlaşmış yeri və bir çox hallarda müqəddəsliyi hər kəsə məlumdur. Azərbaycanda Şuşa kimi ikinci bir şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə cəlb edə və insanların milli ruhuna və milli heysiyyatına təsir edə bilsin. Buna görə də Şuşanın təsis olunmasının 270 illiyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi hamımızın ürəyincə oldu”.
Bu sözlər millət vəkili Azay Quliyevə məxsusdur. O, Prezidentin "Şuşa ili"ndə üç strateji hədəfini şərh edərkən bildirib ki, dövlət başçımızın qərarı tarixi, siyasi, və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir:

- Dövlət başçısı belə bir addımı atmaqla üç strateji hədəfə çatmağı qarşısına məqsəd qoyub. Birinci hədəf, Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır. 2022-ci ilin “Şuşa ili” elan olunması bu baxımdan yaxşı fürsətdir. İl ərzində bütün qurumlar- dövlət, özəl, qeyri-hökumət təşkilatları, media institutları Şuşa şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən təsis olunmasının 270 il illik yubileyini təntənəli şəkildə qeyd edəcəklər. Bu tədbirlərin hər birində Şuşanın yaranması, onun paytaxt və əsas şəhər olaraq Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi, mədəni həyatında oynadığı rol, işğal dövründə məruz qaldığı dağıntı və vandallıq, Azərbaycan ordusunun şəhəri işğaldan azad edərkən göstərdiyi misilsiz qəhrəmanlıq və digər vacib məsələlər haqqında ətraflı məlumat veriləcək, bu barədə yeni-yeni kitablar və nəşrlər çap olunacaq, filmlər çəkiləcəkdir. Hazırkı post-münaqişə dövründə bu məlumatların yayılması, bir tərəfdən Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha təqdim edəcək, digər tərəfdən uzun illər tarixi saxtalaşdırmağa cəhd edən erməniləri və onların yalanlarını əyani faktlarla ifşa edəcək.

Millət vəkilinə görə, ikinci hədəf, Qarabağ quruculuğunu və Qarabağa qayıdışı sürətləndirməkdir. 2022-ci ilin “Şuşa ili” olması o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək. Cənab Prezident qərarını elan edən zaman bu amilin əsas rol oynadığını bildirmişdi. Bu da imkan verəcək ki, Şuşa və ətraf ərazilərə əhalinin qayıtması üçün bütün lazımı imkanlar yaradılsın və orada normal həyat bərpa edilsin. Belə olan təqdirdə 2022-ci ili Qarabağa qayıdışın önəmli mərhələsinin başlanğıc ili kimi qəbul edə bilərik.

Üçüncü hədəf isə Qarabağın təhlükəsizliyini gücləndirmək və ətraf ərazilərdə yaşayan əhalinin reinteqrasiyasını stimullaşdırmaqdır:
- Hamıya məlumdur ki, Şuşaya kim nəzarət edirsə, Qarabağa da o nəzarət edir. Bu baxımdan Şuşanın qısa müddətdə bərpası və məskunlaşdırılması Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmlidir. Digər tərəfdən, Şuşada həyat öz axarına düşərsə, o zaman keçən ilin iyun ayında Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Şuşa Bəyannaməsi”ndə əks olunan bir sıra müddüaların, xüsusilə, Şuşada Türkiyənin Baş Konsulluğunun açılmasının icrası sürətlənə bilər ki, bu da öz növbəsində bölgənin təhlükəsizliyinə əlavə zəmanət və güvən deməkdir. Digər tərəfdən, ölkəmizin gücünün və qüdrətinin göstəricisi olaraq Şuşanın tezliklə dirçəldilməsi və məskunlaşdırılması ermənilərin yaşadığı ətraf kəndlərə, xüsusilə, bir addımlıqda olan Xankəndinə hərtərəfli təsir edəcək, bu ərazilərin Azərbaycanın sosial, iqtisadi və hüquqi məkanına re-inteqrasiyasını stimullaşdırmaq üçün katalizator rolunu oynayacaqdır. Başqa bir alternativi olmayan ermənilər ya Azərbaycanın qanunlarına hörmət edib re-inteqrasiya prossesinə qoşulacaq, ya da Konstitusiyasına əməl etmək istəmədikləri ölkəni tərk etməli olacaqlar.

Azay Quliyev əmin olduğunu bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni iqtisadi, siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirmək, sülh quruculuğu prossesində önəmli məsafə qət etmək, müəyyən etdiyi strateji hədəflərinə çatmaq üçün əhəmiyyyətli rol oynayacaq.

Teqlər: Şuşa-ili  







Xəbər lenti