Əsirlikdən qayıdan "qəhrəmanı" İrəvanda müalicə etmirlər

 Əsirlikdən qayıdan  "qəhrəmanı"  İrəvanda müalicə etmirlər
  04 Yanvar 2022    Oxunub:2273
Azərbaycanın Ermənistana qaytardığı və hazırda həbsə atılmış keçmiş əsir Aren Aramyanla bağlı qalmaqallar səngimir.
AzVision.az xəbər verir ki, yerli media indi də onun həbsxana şəraitində əlil qalacağı ilə bağlı məlumat yayıb. Aramyanın vəkili Ara Karapetyan jurnalistlərə deyib ki, noyabrın 26-da Azərbaycanın qarşı tərəf təhvil verdiyi hərbçinin ayağında problem yaranıb.

Ermənistanda iki nəfər müharibə vaxtı vətənə xəyanət edib
- O, noyabrın 16-da Zəngəzurda toqquşmalar zamanı əsir düşüb.
Aren post rəhbəri imiş. Döyüş zamanı diz nahiyəsindən yaralanıb və əsir götürülüb. Azərbaycanda iki dəfə əməliyyat olunub. Ermənistanda onu reabilitasiya kursundan keçirmək gərəkirdi ki, ayağı hərəkət etməyə başlasın və yeriyə bilsin. Amma Aramyan əsirlikdən qaytarılandan sonra həbs olundu, - vəkil deyib.

Onun sözlərinə görə, hazırda Aren heç bir reabilitasiya müalicəsi görmür və psixo-emosional vəziyyət baxımından da yaxşı formada deyil.

- İlkin şokdan qurtulmadan həbsə atılan insan özünü necə hiss etməlidir? Niyə həbs edildiyini də anlamır, – Karapetyan narazılıq edib.

Qeyd edilir ki, Aren əsirlikdən qayıdandan sonra Mərkəzi Hərbi Hospitalın həkimlərinin nəzarəti altında olsa da xəstəxana çarpayısından birbaşa həbsxana kamerasına aparılıb.

Vəkilin onu da əlavə edib ki, həbs qərarı Arenin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərə təsir edə biləcəyi bəhanəsi ilə verilib. Ancaq onunla birlikdə əsir düşənlər ölkəyə qayıtdıqdan sonra, dindirildikləri və qarşıdurma keçib getdiyi üçün bu həbs əsaslandırması işləmir.

Erməni mediası Aren Aramyanın həm Aprel döyüşlərində, həm 2020-ci ilin iyul döyüşlərində, həm də ikinci Qarabağ müharibəsində iştirak etdiyini yazıblar. Hətta 44 günlük müharibədən sonra komandanlıq Aramyana xüsusi orden də təqdim edibmiş. İndi isə həmin "qəhrəman" Aramyana ölkəsində xəyanətkar kimi baxırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ermənistan  





Xəbər lenti