Maye qazın alovu – TƏHLİL

// Nazarbayevin erası bitdi, etirazlar isə davam edir

   Maye qazın alovu –    TƏHLİL
  05 Yanvar 2022    Oxunub:2622
İlin əvvəlindən Qazaxıstanda başlayan etiraz aksiyaları ölkədə son dərəcə gərgin vəziyyət yaradıb. Alma-Atı da daxil olmaqla, bir sıra iri şəhərlərdə etirazçılar yerli administarasiyaların binalarını yandırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçıların tərəfinə keçməsi, əsas televiziyaların fəaliyyətini dayandırması barədə məlumatlar yayılıb.
Qaz ilə sıxılanlar: Qazaxıstan hadisələrinin xronologiyası
Etirazların başlanmasına əsas səbəb 2022-ci ilin yanvarın 1-dən Qazaxıstanda maye qazla bağlı bütün ticari əməliyyatların birjalar vasitəsilə həyata keçirilməsi qərarı olub. Maye qazın qiyməti istehsalçılar üçün əlverişsiz olduğunudan, hökumət qiymətlərin formalaşmasını elektron ticarət platformasında həyata keçirilməsini qərara almışdı. Keçən ilin sonunda birjada keçirilmiş bir neçə sessiyada tələb və təklif nəzərə alınaraq, ilkin qiymətlər formalaşdırılmışdı. Nəticədə maye qazın 1 litrinin topdan satış qiyməti 78 tenqe (0,17 ABŞ dolları) müəyyən edilmişdi. Etirazların mərkəzi olan Aktau, Janozen şəhərləri və Manqıştau əyalətində isə maye qazın pərakəndə satış qiyməti 100-120 tenqeyə (0.23 – 0,27 ABŞ dolları) qədər qalxdı və əhalinin ciddi narazılığına səbəb oldu.

Doğrudur, hökumət maye qazla bağlı baş qaldırmış etirazlara operativ reaksiya verərək, həmin şəhərlərə xüsusi komissiyalar göndərməklə, məsələni yerindəcə həll etməyə səy göstərdi. Amma maye qazın pərakəndə satış qiymətləri dərhal 50 tenqeyə endirilsə də, etirazlar səngimədi, əksinə, daha da artaraq Alma-Atı, Taraz, Qaraqanda, Şımkənd, Qızılorda, Aktoba və digər şəhərlərə yayıldı. Sosial şəbəkələrdə qruplar yaradılaraq etiraz dalğası koordinasiya olunmağa başlandı.


Prezident Qasım-Jomart Tokayevin xalqa son müraciətindən də vəziyyətin kifayət qədər gərgin olması sezilir. Prezident qarşıdurmalar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının öldürüldüyü faktını etiraf edib. Bundan əlavə, Tokayev yaxın vaxtlarda ölkədəki böhranın həllilə bağlı təkliflər paketini açqlayacağını da söyləyib.

Diqqət çəkən digər əsas məqam isə Tokayevin Qazaxıstanın Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini icra etməyə başladığını bildirilməsi oldu. Bu vaxta qədər həmin vəzifəni 1-ci prezident, “elbaşı” Nursultan Nazarbayev icra edirdi. 2018-ci ildə qəbul olunmuş konstitusiya qanununa əsasən, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsi ömürlük 1-ci prezidentə verilmişdi. Tokayevin bu vəzifənin icrasına başlaması etirazçıların əsas tələblərinin – yəni “Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması” tələbinin formal da olsa, yerinə yetirildiyi anlamına gəlir. Bəzi teleqram kanallar Nazarbayevin Qırğızıstana qaçması barədə məlumat yayıblar. Onun 2016-cı ildə Taldıkorqan şəhərində ucaldılmış heykəlinin aşırılması görüntüləri yayılıb.

Görünən odur ki, Nazarbayev idarəetmə sükanını Tokayevə verərək, ölkəni tərk edib. Tokayevin böhranı təkbaşına aradan qaldıracağı inandırıcı görünmür. Çünki idarəetmə sistemi daha çox Nazarbayevin siyasi təsirini saxlamaq üzərində qurulduğu üçün böhran şəraitində prezidentin təkbaşına vəziyyətdən çıxması çətindir.


Qeyd edək ki, bundan əvvəl etirazçıların tələbi ilə prezident Tokayev höküməti istefaya göndərmiş, baş nazirin birinci müavini müvəqqəti olaraq Nazirlər Kabinetinin sədri vəzifəsini icra etməyə başlamış, bəzi önəmli vəzifələrə dərhal öz yaxın adamlarının təyinatını həyata keçirmişdi. Tokayevin ölkədə yaranmış vəziyyətə görə höküməti ittiham etməsi ilk növbədə etirazçılarlarla simvolik olsa da həmrəyliyin nümayiş etdirilməsinə hesablanmış anti-Nazarbayev gedişi kimi də qiymətləndirilə bilər ki, nəticədə “elbaşı” və ona yaxın nazirlər vəzifələrini tərk etməli oldular. Bu vəziyyət Tokayevin önündə ilk dəfə olaraq “suveren” prezident olmaq və nəhayət ki Nazarbayevin təsirindən qurtularaq, idarəetməni öz öhdəsinə götürmək perspektivi yaradır. Tokayevin bunu həyata keçirməyə siyasi iradə və gücünün çatıb-çatmayacağını isə zaman göstərəcək.

Qazaxıstandakı etiraz aksiyalarını koordinasiya edən əsas şəxs kimi isə hazırda Fransada məskunlaşmış keçmiş energetika naziri, “Qazaxıstanın demokratik seçimi” hərəkatının lideri Muxtar Əbülyazovun adı hallanır. Əbülyazov vaxtilə Qazaxıstanın uğurlu iş adamlarından biri olub, 90-cı illərin sonlarında energetika naziri işləyib. Ölkənin ən böyük kommersiya banklarından biri “Bank Turan Aləm”in sahibi olub. Nazarbayevin siyasətinə qarşı çıxaraq vəzifəsindən istefa verdikdən sonra 2002-ci ildə həbs olunsa da, sonradan xarici dövlət və təşkilatların təzyiqilə həbsdən azad edilərək, xaricə qaçıb. Sahibi olduğu bank isə dövlət tərəfindən milliləşdirilib. Əbülyazov öz ölkəsində “qəsdən adam öldürmək” cinayətində ittiham olunaraq, qiyabi ömürlük həbsə məhkum edilib.

Əbülyazovun hazırda Ukraynanın paytaxtı Kiyevdə olması və Qazaxıstandakı aksiyaları oradan idarə etməsi ilə bağlı ehtimallar irəli sürülür. Onun müraciətini yayımladığı sosial şəbəkə hesabındakı telefon nömrələrinin Ukraynaya aid olması müəyyən edilib.

Qazaxıstandakı etirazların ilkin siyasi nəticəsi olaraq onu demək olar ki, ölkənin birinci prezidenti Nazarbayev artıq siyasi səhnədən uzaqlaşdırıldı və onun boş qalmış yeri uğrunda hazırkı prezident Tokayevlə müxalif lider Əbülyazov arasında siyasi mübarizə gedir. Qalibi isə xarici arbitrlarla yanaşı, daxili auditoriyanın rəyi müəyyən edəcək.

Tofiq Vahid
AzVision.az

Teqlər:   Qazaxıstan  







Xəbər lenti