Ermənistan Qazaxıstana 70 hərbçi göndərib

   Ermənistan Qazaxıstana 70 hərbçi göndərib
  06 Yanvar 2022    Oxunub:917
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 70 hərbçi göndərib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Onlar strateji obyektlərin mühafizəsini təmin edəcəklər.

Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. O, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab etdiyini, qarışıqlığa səbəb olan terrorçu dəstələrin isə xaricdə təlim keçdiklərini vurğulayıb.

Bu səbəbdən də o, ölkəyə sülhməramlıların gətirilməsini məqbul sayıb. İrəvan məlum çağırışa cavab olaraq kontingentə 70 hərbçisini cəlb edəcək,-məqalədə yazılıb.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxdılar. Etirazlar daha sonra digər böyük şəhərlərə də yayıldı. Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau, Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Elə həmin gün fövqəladə vəziyyət Qazaxıstanın bütün ərazisinə şamil edildi.

Daha sonra Tokayev hökuməti istefaya göndərdi və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İlk dövlət başçısı olmuş Nursultan Nazarbayevi isə bu vəzifədən uzaqlaşdırdı.

Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" kimi qiymətləndirdi. Buna əsasən də o terror təhlükələrini aradan qaldırmaq üçün KTMT-dən kömək istədi. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Məlumata görə, qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətdə qalacaq.

Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı) sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb.

Pərvanə Sultanova
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti