`Kişi sözü`nün çəkilişində faciə ola bilərmiş | KADRARXASI

  05 Aprel 2014    Oxunub : 9913
`Kişi sözü`nün çəkilişində faciə ola bilərmiş | KADRARXASI
Uzun illər sevə-sevə baxdığımız milli kinolarımızda elə kadrlar var ki, dönə-dönə izləməkdən doymuruq. Hətta qəhrəmanların kadrlardakı bəzi cümlələri dilimizdə əzbərə çevrilir. “Yalansa səni fransuzkiy ilan vursun dilindən”, “Gəlin mənim süpürgəmdir, harda qoysam, orada da durmalıdır”, “Antoni, sən mənim ürəgimi yaralamısan...”, “Söhbət sosiskada deyil, söhbət vnimatelno olmaqdadır” , “Onun əyri ayaqlarından raqatka düzəltməsəm, atamın oğlu deyiləm”, “Sənə əjdaha lazımdır?..” və s. kimi frazaları hansımız işlətməmişik ki?“
AzVision.az-ın “KADRARXASI” rubrikasında filimlərimizin necə çəkildiyindən danışacağıq. Həmin səhnələr çəkilərkən aktyorların başına gələn kadrarxası hadisələr, qarşılaşdıqları çətinliklər, qəzalar, xatirələr, onların yaranma tarixçəsi barədə söz açacağıq.

Rubrikamızın növbəti filmi “Kişi sözü”dür.

Film aktyor Əjdər Həmidovun və aktrisa Sənubər İsgəndərlini kinoda ilk işidir. Filmin qruluşçu resissoru Cahangir Mehdiyevdir. Çəkilişlər bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb. Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq, 10 aya hazır olub.

Təsdiq etmə mərasimindən sonra rejissor Cahangir Mehdiyev məslətləşmək üçün Moskovaya, müəllimi Georgi Daneliyanın yanına üz tutur. Belə ki, Cahangir Mehdiyev "Mosfilm"də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın tələbəsi olub. Daneliya ssenari ilə tanış olur və ondan məmnun qalır. Lakin, söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır və məsləhət görür ki, bu rola Cahangir Mehdiyev özü çəkilsin. Bu rol üçün Rafael Dadaşov nəzərdə tutulsa da, onunla sınaq çəkilişləri aparılmamışdı. Film Bakıda, Köhnə Əhmədli kəndində, Şamaxıda, Masazırda çəklib.

Qasım gəlir, Qasım gəlir,
yoldan çıxın Qasım gəlir,
Allahın bəlası gəlir,
Sözünün ağası gəlir ,
Özündən çox razı gəlir.


Filmdə “Niyaz” rolunda çəkilən və filmin əsas rejissoru olan Cahangir Mehdiyev kadrarxasında qalan maraqlı bir əhvalatı bizimlə bölüşdü.

`Filmdə belə bir səhnə var ki, Qasım sevdiyi qızın evinə gedir. Onun atası ilə söhbət edir. Bu vaxt xoruz uçub gəlir, stolun üstünə qonur. Qasım deyir ki, “Xoruz. Cinsi kişdir. Əbəs yerə banlamaz . Ağzını da bağlasan, qaranlığa da salsan, mütləq saat 4-də banlaycaq`. Yəni kişinin sözü bütöv olar.

Biz də nə qədər edirdik, xoruzu çəkəndə heç cür alınmırdı. Mən də idmançı kimi xoruzu götürüb iki ayağının ikisini də elə sıxdım ki, uçub gələndə ayağı keysin, kadrdan kənara çıxmasın. Çünki bu, bir obraz, metafora idi. `Sözü düz olmayan adamın əməli də düz olmaz` deyir, Qasım. Mən özüm o xoruzu tilsimə saldım. Çünki xoruz heç vaxt sözə baxmır və kadrda da dayana bilməzdi.



Mən özüm filmdə çəkilmək istəmirdim. Bu, bir təsadüf oldu, bunu da mənim müəllimim təkidlə dedi ki, çəkil, tarixi hadisə kimi yadda qalsın.

Velosipeddə gedən oğlan Elnur Mehdiyev də mənim oğlumdur. O, Qasımın estafetini qəbul edir. Onun papağını başına qoyur. Filmdə qəhrəman Qasımdır, hamı ona oxşasa, daha yaxşı olar.



İnəyin Qasımın əvəzinə göstərilməsi, qəbirstanlıq səhnəsi - bunlar ssenari də yox idi. Hamısı improvizasiyadır, əvvəlcədən ssenaridə yazılmır.

Bizim milli- mənəvi dəyərlərə söykənən əsərləri mən çox sevirəm. Ssenarini də oxuyanda bu baxımdan çox bəyəndim. Kişi sözü çox vacib məsələdir. Hər sahədə - məhəbbətdən tutmuş, elmə qədər. O formula gərək hər kəs riayət etsin.

Filmi Moskovada təsdiq etdirmək çətin olmadı. Çünki orada oxumuşam, film çəkmişəm. Onların mükafatlarını almışam, məni yaxşı tanıyırdılar`.

Qız bizmdir, oğul sizin ,
Qızımız var mələk kimi ,
Oğlunuz lap cindir, balam,
Zarafatdır eləmişik,
Zarafat-zad qanmırsınız?
Çıxın gedin özünüzə
güldürməyin kəndi, balam.


`Solmaz, mən düz danışmağı xoşlayıram, sevirəm səni, sən də düzünü de, istəyirsən məni?`

Filmdə `Qasım` rolunda çəkilən aktyor Əjdər Həmidov deyir ki, rol alması tam təsadüf nəticəsində olub.



`O vaxt Sumqayıtdakı teatrda işləyirdim. Nə mən Cahangir Mehdiyevi, nə də Cahangir məni tanıyırdı. Akademik Milli Dram Teatrının qarşısında Mərahim Fərzəlibəyovu gözləyirdim. Gördüm ki, bir nəfər kənardan mənə baxır. Aktyorlardan da soruşub ki, bu kimdir? Yaxınlaşdı mənə, dedi ki, bəs mən film çəkirəm, adım Cahangir Mehdiyevdir. İstəyirəm səni sınaq çəkilişlərinə çağırım. Dedim, yaxşı, gələrəm. Düzü, inanmadım. Dedim, sınağa çəkəcəklər, sonra heç çağırmayacaqlar . Getmədim, bir həftə sonra kinostudiyanın qarşısından keçirdim, dedim, görüm nə var-nə yox. Cahangir Mehdiyev ikinci rejissor Adil İsmayılova tapşırdı ki, aprın, onun şəklini çəkin. Şəklimi çəkdilər, 10 gün keçdi, yenə səs çıxmadı. Düşündüm ki, yenə də məni aldatdılar. 10 gündən sonra zəng etdilər ki, bəs, gəl ,sənin kino sınağın olacaq. Sınaq çəklişində bir çox adamın olmasına baxmayaraq, mənimlə Sənubər qalib gəldi.

Bundan əvvəl heç vaxt filmə çəkilməmişdim. Ümumiyyətlə, kinokamera görməmişdim. Birinci dəfə çox çətin idi. Bilmirsən özünü necə aparasan, necə durasan. Ən qorxulusu isə kinokamera idi. O, adamın gözünə bir əjdaha kimi görünürdü. Elə bil ki, bu saat adamı yeyəcək.

Deməli, Bakının Əhmədli kəndində Qasıma elçi getdikləri səhnənin çəklişi idi. Kənddən bir qoyun tapdılar, boğazına qırmızı bağladılar. Artıq qız evindən bizim evimizə gəldikləri səhnəni isə Cahangir Mehdiyev saxladı ki, Şamaxıda çəkəcəyik. Şamaxıya çəkilməyə gedəndə biz qoyun axtarmağa başladıq. Həmin vaxt Şamaxıda qoyun qırxımı olmuşdu. Bir dənə də olsun tüklü qoyun qalmamışdı. O da düz gəlmir axı, qoyun gedir tüklü, qayıdır tüksüz. Şamaxını bir –birinə vurdular, tüklü tapmadılar ki, tapmadılar. Cahangir dedi, `nə təhər eləyim a, gözləyim ki, bu qoyunlara haçan tük gələcək?` Dedi ki, onda gecə çəkək, qoyunu tamaşaçı çox görməsin. Biz də alatoranlıqda etdik. Kadrda görünür ki, qoyunu gətiririlər, mən qoyunun lentini açıram. Amma çox diqqətli tamaşaçılar var ki, bunu tutdular. Biri mənə yaxınlaşıb dedi ki, `nətəhər olur e, qoyun qız evinə tüklü getdi, tüksüz qayıtdı? Dedim, ala gedir qız evinə tüklü, qızı vermirlər, qoyunu da qırxıb əllərinə verirlər ki, gedin, bir də buralara gəlməyin də.





`Qardaşım oğlu sənin qızının dərdindən iki il gedib oxuyub, mal doktoru oldu. İndi niyə sözünü sahibi olmursan ha , dillənsənə?`

Şamaxıda Çuxuryurd adında bir göl var. Gölün üstünə taxt qoymuşdular, üzərinə də də xalça salmışdılar. Mən qız ilə taxtın üstündə oturmuşdum. Gölün üstünə, bizim ətrafımıza güllər səpirdilər. Amma güllər kadrda dayanmırdı, səpən kimi su gülü aparırdı. Hətta taxtı da su aparırdı. Gördük ki , artıq mümkün deyil, sonradan suya adam saldılar,suyun içinə girib həmin taxtı arxadan tutdu. Amma çalışırdılar ki, onlar kameraya düşməsin. Yalnız taxtın o tərəf-bu tərəfə getməsinə imkan vermirdilər. Sonra gördüm ki, nəsə arxadan səs gəlir. Bir də arxaya dönəm ki, həmin adam suyun altında boğulur. Əlimi atıb onu sudan qaldırmaq istəyəndə taxt aşdı, qızla mən də suyun içinə düşdük . Həmin an operatorlar bu səhnələri kadra alıb, filmin axırında saxlayıblar ki, maraqlıdır qoy belə qalsın.



Həmçinin, mənim tayanın üstündən yıxıldığım səhnə də təsadüfən alınıb. Ssenariyə görə, əslində mən tayanın üstünə çıxıb Bayandur kişini ələ salmalı idim və o gedənə kimi də orada qalmalı idim. Birdən ayağım ilişdi, tayanın üstündən dəydim yerə, şapkam başımdan düşdü, hiss etdim ki, məni çəkirlər. Özümü itirmədim, mətnimi deməyə başladım. Bitirən kimi hamı əl çalmağa başladı . Rejissor dedi ki, `sənin yıxılmağın lap əla oldu`.

Maşının farasının düşməsi üçün əvvəlcədən onun şüruplarını açdıq. O da çətinlik ilə düşürdü. Çəkirdilər, olmadı, bir də... Axır bir dəfə bərk tormoz verdilər, fara düşdü, çəkdilər.



Mən kənd uşağı idim deyə, velosiped sürmək, ağaca çıxmaq kimi problemlərim olmadı. Çünki düz iki il məktəbə , qonşu kəndə velosipedlə getmişəm. Həmçinin maşın sürməyi də bacarırdım. Deyirdilər ki, tut ağacına necə güllə kimi çıxırsan. Deyirdim ki, mən kəndçi olmuşam da , ona görədir.

Filmin sonunda daha bir kadr var ki, mən ipdən yapışıb tullanıram. Birinci dublda ipdən düzgün tutmadığıma görə, əlim sürüşdü, ip əlimin içini qanatdı, dərim sıyrılıb yara oldu. Ona görə də sonrakı dubullarda ipləri tuta bilmirdim. Çünki ipə əl vuranda əlimi yandırıdı, yaram qanayırdı. Cahangir də dedi ki, axı biz bunu çəkməliyik, nə edək? Əlimin içinə yapışqan yapışdırdılar ki, ip yaraya dəyməsin. Yenə də bərk yapışa bilmiridm, diqqətlə fikir versəniz görərsiniz ki, iki barmağımla kəndiri tutub, tullanmışam`.

`Nə qəşəngləşmisən,ay Qasım, lap kişiləşmisən e, əyin-başın da düzəlib`

Qasımın sevgisini nakam qoyan Solmaz rolunun ifaçısı Sənubər İsgəndərli:



`İnstitutun ikinci kursunda oxuyurdum. Adicə filmin necə çəkildiyini belə bilmirdim. Çəkiliş prosesində də hər şey mənə əyləncəli gəlirdi. Amma işin çətinliyini gördükcə daha ciddi yanaşmağa başladım. Anamı oynayan Leyla Bədirbəyli mənə çox dəstək oldu. Bir balaca inamsızlıq olanda, büdrəyəndə istər tərəf-müqabilim Əjdər olsun, istər İradə xanım, rejissorun özü çox kömək edirdilər.

Heç bir səhnəni bir dubla çəkməmişik. Çünki naşı idim, işin dərinliyini bilmiridim. Hər səhnə mənə çətin gılirdi. Hətta rejissor razı olanda belə, mənim içimdə inamsızlıq var idi ki, yox, alımadı deyəsən. Rejissor deyirdi ki, bu, filmdir, lentdir, alınmasa bir də çəkəcəyəm. Mən qoymazdım alınmayan bir səhnə getsin.

Şamaxıda çəkliş gedərkən Cahangir müəllim dedi ki,`bəlkə mən elə etdim ki, maşını sən sürəsən`. O zaman da mən maşın sürə bilmirdim. Əjdər də Şamaxıya maşını ilə gəlmişdi. Belə qərara gəldik ki, Əjdər maşını ilə Şamaxının içində, xəlvət küçələrdə sürməyi öyrətsin. Onda da qızımın 3 yaşı var idi, o da maşında idi. Polis də maşının düzgün idarə edilməməyindən başa düşdü ki, naşıyam. Yaxınlaşıb dedi ki, `özünə yazığın gəlmir, heç olmasa uşağa yazığın gəlsin`. Ondan sonra inadla dedim ki,` mən sürməyəcəyəm`.



Ştanq qaldırdığım səhnə Əhmədlidə çəklmişdi. Ssenaridə bu səhnə yox idi, o, rejissorun israrı ilə oldu. Amma İsi müəllim ona qarşı çıxdı . Buna görə onlar arsında narazılıq var idi ki, kəndin ortasında hansı kənd qızı oturub ştanq qaldırar.

Qasımın ikinci sevgilisi, Tovuz rolunda çəkilən Kəmalə Hüseynova:



`İncəsənət universitetinə girməyimə baxmayaraq, aktrisa olmaq istəmirdim. Özüm də bilmirdim ki, bu film nədir, necə çəkirlər, aktyorluq nə deməkdir. Tale elə gətirdi ki, birinci kursu bitirdiyim yay iki filmə çəkildim. Bax, o sevinci mən indi yaşayıram. Nə yaxşı ki, o filmlərə mən çəkilmişəm. Əməkdar artist adını da kino günündə çəkildiyim filmlərə görə almışam, teatrla bağlı olmayıb.

Boğulmağın nə demək olduğunu ilk dəfə göldə çəkliş edərkən hiss etdim. Şamaxıda süni göl var idi, o da, sən demə, adamı bataqlıq kimi çəkir. Bizim belə bir səhnəmiz var idi, taxtın üstündə oturmuşuq, Qasım mənim üçün ud çalır. Birdən uzaqdan uşaqlar gəlir, mən sahildə uşaqları görürəm və əl edirik. Əl etmək üçün qalxanda arxaya tərəf aşmalı və biz yıxılmalıyıq. Mən səhnəni oynayırdım, birdən hiss etdim ki , deyəsən, boğuluram. Əjdərdən yapışdım, gördüm, Əjdər məndən qabaq boğulur. Heç kim də anlamır ki, biz boğuluruq. İndiyə kimi yadımda deyil ki, necə çıxarıldıq. Yəqin ki, çox çapalamışıq, bizi sahilə çıxarıblar. İkinci dublda isə taxtanın arxasına bizi qoruyan iki oğlan qoydular ki, bir də batsaq, xilas etmək mümkün olsun.

Qucağımdakı quzuya o qədər öyrəşmişdim ki, ondan ayrılnada çox ağladım. Çəkiliş olmayanda da onu yerə qoymurdum. İkinci rejissor Adil İsmayılov həmişə deyirdi ki, “Ay Kəmalə, qızım, elə quzu boydasan, bütün günü qucağında gəzdirirsən”.

`Tovuuz`un anası, `Qəndab `rolunda çəkilən Lətifə Əliyeva:



`Şamaxıya həmişə yağış yağırdı. Çəkiliş vaxtı nə qədər gözlədik yağış yağmadı. Məcbur olub süni yağış yağdırdılar. Biz qorxduq ki, üşüyərik, bir də gördük ki, su ilıqdır.



O zaman kinostudiyanın işçiləri aktyorlara xüsusi qayğı ilə yanaşırdılar. Xəstələnməyək deyə hətta suyu da ilıq etmişdilər.

Cahangir Mehdiyev məni 4 rola çəkib. Allah onun canını sağ etsin, heç kimə qulaq asmayıb. Cahangirə aktrisa ilə bağlı kimsə nəsə deyəndə cavab verirdi ki, “get, işinlə məşğul ol” . Elə buna görə də çəkiliş truppası arasında bir mehribançılıq, kollektivlik var idi.

`Ə, alacaqsan bu qızı ? Ya qismət. Onda ağac olub nə gözümüzün qabağında bitmisən? Nə itin azıb ə, burada. `

İradə Həsənova:



`Filmdə Ağca rolunu oynayıram. Çəkilməyimin səbəbkarı Əjdər Həmidovdur. O zaman biz Sumqayıtda birgə çalışırdıq. Rejissor Cahangir Mehdiyev mənə baxan kimi dedi ki, bu aktrisanı mən sınaqsız çəkəcəyəm.

Şamaxıdakı çəkilişlərimizdə çox maraqlı şeylər olub. Yadıma gəlir ki, biz restoranda hər gün çörək yeyirdik. Bir balaca oğlan var idi, hardasa 8-ci sinifdə oxuyardı. Bir də görürəm ki, oğlanın anası gəlib ki, bəs, İradə xanım kimdir? Dedim ki, mənəm. `Ay qızım , mənim uşağım səndən ötrü dəli-divanə olub`,- dedi. Mən də güldüm ki, bəs necə olur, oğlun mənə aşiq olur, oğlum yaşdadır. Dedi, `Sən Allah, evin tək uşağıdır, onun könlünü sındırmayın`. Mən də onunla öz oğlum kimi mehriban rəftar etməyə başladım. Bunu bütün truppa bilirdi. Əjdər Həmidovla zarafatlaşırdıq, uşağı görən kimi deyirdi ki, `nişanlın gəlib`.

Çəklişlər, çəkilişdən sonrakı birgə yemək yeməyimiz - hamısı ləzzət edirdi`.

`...Daha istəmirəm səni, sənə olan məhəbbətimi bu qəbirstanlıqda dəfn edib gedirəm... `



Şahanə RƏHİMLİ
AzVision.az

Teqlər: