Almatının mərkəzində atışma səsləri eşidilir

   Almatının mərkəzində atışma səsləri eşidilir
  07 Yanvar 2022    Oxunub:816
Qazaxıstanda vəziyyət yenidən gərginləşib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilir ki, ölkədəki xaosdan sonra nisbətən sabitlik yaransa da, Almatı şəhərinin mərkəzi meydanında yenidən atışma səsləri eşidilir.

- İğtişaş yaradanlar da müşahidə edilmir. Ola bilsin ki, atışma telekanallardan birinin yaxınlıqda yerləşən ofisdə baş verir. Daha doğrusu ofisin yanında qurulmuş barrikadada-cinayətkar dəstələrlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş verir. Qazaxıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları ictimai asayişi qoruyur, küçələrdə "təmizlik işləri" aparırlar.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxdılar. Etirazlar daha sonra digər böyük şəhərlərə də yayıldı. Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau, Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Elə həmin gün fövqəladə vəziyyət Qazaxıstanın bütün ərazisinə şamil edildi.

Daha sonra Tokayev hökuməti istefaya göndərdi və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İlk dövlət başçısı olmuş Nursultan Nazarbayevi isə bu vəzifədən uzaqlaşdırdı.

Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" kimi qiymətləndirdi. Buna əsasən də o terror təhlükələrini aradan qaldırmaq üçün KTMT-dən kömək istədi. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Məlumata görə, qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətə göndərilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qazaxıstan   Atışma  





Xəbər lenti