Dövlət Xidmətinin rəisi Şuşada görülən işlərdən danışdı

  Dövlət Xidmətinin rəisi Şuşada görülən işlərdən danışdı
  07 Yanvar 2022    Oxunub:774
"Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb".
AzVision.az xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb: "Bununla əlaqədar “Şuşa-Azərbaycan Mədəniyyətinin Paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır".

O, qeyd edib ki, Şuşa və Ağdam şəhərində yerləşən abidələr monitorinq olunub, təxirəsalınmaz mühafizə işlərinin aparılması zəruri olan bir sıra xüsusi əhəmiyyətə malik abidələr müəyyən edilib və onların siyahıları hazırlanıb. Belə ki, Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud xəritə və arxiv sənədlər əsasında Şuşa şəhəri ərazisində yerləşən abidələr inventarlaşdırılaraq mövcud vəziyyətlərinə uyğun təsnifatlaşdırılmış, həmçinin koordinatları dəqiqləşdirilmiş və fotoşəkilləri çəkilib.

"Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə aşağıdakı əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapır: İşğalın nəticələri və səbəb olduğu dağıntılar,
Abidələrin monitorinqi və inventarlaşdırılması, Abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, Abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, Abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, Abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası".

Şahanə Rəhimli
AzVision.az




Teqlər: Şuşa  





Xəbər lenti